Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 10:55:00
“Valideyn iclaslarında ən çox bu cür analarla mübahisə edirəm” – Müəllimlərin acı anları  

Elm, bilik xəzinəsinin qapısını insanların  üzünə açan şəxslər – müəllimlərin görməli olduğu vacib işlərdən biri də   valideyn iclasını keçirməkdir.

Lakin hər birimizin həyatında - istər şagird,  istər valideyn kimi - baş verən bu iclaslarda bəzən, maraqlı və xoşagəlməz hallar yaşanır.  Bəzən müəllimlərlə valideynlər arasında  mübahisə və fikir ayrılıqları  yaranıb.

AzEdu.az bu barədə müəllimlər arasında keçirdiyi sorğunu təqdim edir:

Səltənət  Quliyeva- (gənc müəllim) - “Fikrimcə, kənd müəllimlərinin  əziyyəti  şəhərdə çalışanlardan  daha çoxdur. Hər zaman  iclaslarda  qeyd edirəm ki, müəllim valideynlərlə  daim  əlaqədə olmalı, birgə çalışmalıdır. Bu zaman effekt də güclü olur. Amma təəssüf ki,  bir çox  valideynə   bunu izah etmək  o qədər də asan   olmur. Valideyn olmaq səhərdən axşama  qədər çalışıb övladını  maddi mənada  təmin   etməkdən ibarət deyil. Bəzən,  düşünürəm ki,  hər bir valideyn ən gec, ayda  bir dəfə müəllimlərlə əlaqə saxlamalı,  övladının təhsili  ilə maraqlanmalıdır. İnanın  ki, bəzən valideynlər olur ki,  həftələrlə  övladının gündəliyinə  və ya tapşırıq dəftərinə  baxmır. Şagirdin gündəliyi müəllimlə  valideyn  əlaqəsi üçün  bir vasitədir. Hər bir  valideyn bunu anlasa, hər gün  övladı  məktəbdən evə gələndə  onun gündəliyinə, aldığı qiymətlərlə  maraqlansa və müəllimlə  əlaqə saxlasa nəticə daha yaxşı olar. Evdə valideynin, məktəbdə isə müəllimin  məsuliyyətli olması  hər bir şagirdin uğurlu gələcəyinə dəstək deməkdir.

Bizim cəmiyyətdə “xalxın uşağı”  deyilən bir anlayış  var ki,  fikrimcə bu kənd  yerlərində daha çox istifadə  olunan bir  ifadədir.  Valideynlərlə  fikir ayrılığım  bu istiqamətdə olub.Bu  ifadə ilə övladlarını psixoloji gərginliyə salmaqdansa , onlara dəstək olub inandığını ,yanında  olduğunu göstərməyin  doğru seçim  olacağını  valideynlərə  bildirmək  istəmişəm.  Hər bir valideyn  özünə inam  hissini aşılamaq  üçün əlindən gələni etməlidir.Bu mövzuda  valideyn iclaslarında  dəfələrlə   mübahisələrimiz olub”.

Tural Topçuyev- (gənc müəllim): “Valideynlər iclasında valideynlərlə elə də fikir ayrılıqlarım olmur.  Hər şeyin onların istəyinə  uyğun  olmasına çalışıram. Valideynlər övladlarına  bəzən, müstəqil seçim   vermirlər. Əksəriyyəti  “öz istəyim  necədirsə, elə də olsun”  deyirlər. Bu məsələ  məni çox narahat edir. İstəyim odur ki,  şagirdlər  özlərini harada görürlərsə,  o sahəni  də seçsinlər. Bəzən valideynlər də bunu qəbul etmək istəmirlər.

Vüsalə Əliyeva-“ İclaslarda mübahisəm  övladı ilə   maraqlanmayan valideynlərlə olub. Valideynlər heç olmasa,  həftədə  bir dəfə  müəllimlərə zəng vurub, övladı ilə maraqlanmalıdır. İndi  müasir texnologiyalara əsaslanan telefon, kompüter  əksəriyyətimizdə  var. Onun vasitəsilə də yazıb  soruşmaq yaxşı olardı. Valideyndən nömrə götürürəm ki, onlarla əlaqə saxlayım.  Çoxları şagirdin yaxşı oxumamasının səbəbini  müəllimlərdə görür. Amma düzgün yanaşma deyil, çünki  uşaq gündə  5-6 saat  məktəbdədirsə,  günün yerdəqalan saatını  evdə  keçirir.  İndiki təhsil sistemində  müəllim, valideyn, şagird  əlaqə üçbucağını qoruyub saxlamaq lazımdır”.

Araz Hacıyev-“Valideynlərlə  fərdi görüşməyi üstün tuturam. Düşünürəm ki,  bunu bütün fənn  müəllimləri  tətbiq etsə, daha yaxşı olar. Çünki  şagirdin hər hansı  xüsusiyyəti haqqında mənfi və ya müsbət fikirləri yalnız şagirdin öz valideyninə  deyilməlidir. Valideynlərlə  hər hansı fikir ayrılığı və mübahisəm olmayıb. Şagirdlərin gerililiyini hiss edəndə  valideynlərin onlarla  məşğul olduğunu dediyi halda, amma  o zaman  valideynlərlə razılaşa bilmirəm”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları