Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 15:25:00
20 yanvar şəhidi İlqar Əhmədovun müəllimi: “Tələbə yoldaşları hər yerdə onu axtarırdı...”

Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan yanvar gecəsindən sabah artıq 34 il ötəcək.

 

Həmin gecə küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutuldu. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. 

 

20 Yanvar faciəsində şəhid olan qəhrəman oğullarımızdan biri də Azərbaycan Texniki Univeristetinin (AzTU) Avtomobil nəqliyyatı fakültəsinin 4-cü kurs tələbəsi olan İlqar Hümbət oğlu Əhmədov olub.

 

Şəhid İlqar Əhmədovun müəllimi, Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının müdiri, professor İsa Xəlilov AzEdu.az-a danışıb.

 

İ.Xəlilov tələbəsi barədə danışarkən onu yaxından tanıdığını və səmimi olduğunu qeyd edib:

 

“20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman oğullarımızdan biri də o zaman Universitetimizin Avtomobil nəqliyyatı (indiki Nəqliyyat və logistika) fakültəsinin IV kurs tələbəsi İlqar Hümbət oğlu Əhmədov idi. İlqar II kursda oxuyanda onun müəllimi olmuşam. Çox tərbiyəli və savadlı tələbə idi. Tələbə yoldaşları arasında böyük hörmətə malik idi. Ucaböylu, gözəgəlimli bir gənc idi. Yaxşı bir ailənin övladı olduğu hər cür hiss olunurdu. Mənim həmyerlim olduğuna görə onun ailəsini də yaxından tanıyıram”.

 

Həmsöhbətimiz İlqar Əhmədovun şəhid olduğu xəbərini necə öyrəndiklərindən söz açıb. Müəllimin sözlərinə görə itkin düşən İlqarı axtarmaq üçün tələbə yoldaşları səfərbər olublar:

 

Həmin dövrdə Bakıda vəziyyət çox gərgin idi. Yanvarın əvvəllərindən SSRİ daxili qoşunlarının bölmələrini Bakıya yerləşdirirdilər. Yanvarın 15-də Əhmədlidə yaşadığım evin pəncərəsindən gördüm ki, yaxınlıqdakı hərbi hissənin rabitə antenaları olan geniş ərazisində xəndəklər qazılır və kubşəkilli daşlarla dayaq məntəqələri yaradılır. Yanvarın 17-də artıq bu xəndəklərdə və dayaq məntəqələrində pulemyotçular yerləşdirilmişdi və pulemyotlar yaşayış binalarına tərəf tuşlanmışdı. Mən bunların faciə ilə nəticələnəcəyini duymuşdum. Evdə də tapşırmışdım ki, eyvan tərəfə mümkün olduqca getməsinlər.

 

Yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunları Bakıya hücum etdi. İlqar Əhmədov Sovet qoşunlarının Bakıya yeridilməsinə qarşı çıxan minlərlə gənclərimizdən biri idi. “Salyan Kazarmaları” adlanan ərazidə dinc etiraz nümayişində iştirak edirdi. O zaman heç kim öz ölkəsinin qoşunları tərəfindən təcavüzə məruz qala biləcəklərini düşünmürdü. Lakin məkrli düşmənin həmin hərbi hissədən bayıra çıxan qoşunları heç bir xəbərdarlıq olmadan dinc nümayiş iştirakçılarını gülləboran etdi. Həmin ərazidə şəhid olan onlarla qəhrəman oğullarımızdan biri də İlqar Əhmədov oldu.

 

20 Yanvar tarixində Universitetə gəldim. Şəhərdə yalnız metro fəaliyyət göstərirdi. Hər tərəfdə çoxlu silahlı hərbiçi vardı. Onlar uzunsaçlı, ortayaşlı adamlar idi. Bunlar xüsusi çağrılımış cani-quldur hərbçilər idi. Bir gün sonra onları şəhərdən çıxarıb həqiqi hərbi xidmətdə olan əsgərlərlə əvəz etdilər. Universitetimizin qarşısına çatdıqda İlqarın tələbə yoldaşlarından 3-4 nəfər tələbə mənə yaxınlaşdılar və İlqarın axşam mitinqdən yataqxanaya qayıtmadığını söylədilər. İlqarın yanında olan bir tələbə yoldaşı mitinq iştitakçılarının əvvəlcə qazla zəhərlənməsini və sonra gülləboran olmasını digər tələbə yoldaşlarına söyləmişdi. Gülləborandan sonra İlqarla əlaqəsinin itdiyini demişdi. Onun da paltosunun çiyninindən güllə keçmişdi, amma özü yaralanmamışdı. Mən tələbələrə dedim ki, xəstəxanalarda axtarmaq lazımdır. Tələbələr qruplara bölündü və xəstəxanalara onu axtarmağa yollandılar. Mən İlqarın qardaşının Sabunçu rayonunda ünvanını öyrəndim və ona məlumat vermək üçün oraya yollandım. Sonra İlqarın şəhid olması məlum oldu. Valideynləri onun öz doğma kəndində dəfn olmunmasını istədilər”.

 

Müəllim qeyd edib ki, tələbə yoldaşları onun dəfnində iştirak etmək istəyirdilər:

 

“O dönəmdə şəhərdən çıxmaq mümkün deyildi. Tələbələr mənə müraciət etdilər. Mən o zaman universitetimizin rektoru olan professor Ramiz Qurbanova müraciət etdim. Ramiz müəllim mənim yanımda əvvəlcə Təhsil Nazirliyinə, sonra Nazirlər Kabinetinə, KP Mərkəzi Komitəsinə zəng etdi. Heç yerdə telefona cavab verilmirdi. Yalnız KP Mərkəzi Komitəsinin II katibi Polyaniçkonun nömrəsinə zəng etdikdə cavab verildi. Ramiz müəllimə bu məsələ ilə bağlı Daxili İşlər Nazirinin I müavini Barannikova müraciət olunmasını dedilər. Heç bir dövlət orqanında əslən azərbaycanlı olan şəxslər telefonlara cavab vermirdi. Ramiz müəllim Barannikova zəng etdi və məsələni izah etdi. O, 3 telefon nömrəsi verdi. Bunlardan 2-i şəhər nömrəsi idi. Biri isə fərqli nömrə idi. O dedi ki, tələbələrin yanında rəhbər kim gedəcəksə, postlarda hərbiçilərə bu nömrələri versin. Ramiz müəllim məndən soruşdu ki, bəs tələbələrlə kim gedəcək? Cavab verdim ki, mən gedəcəyəm. Ramiz müəllim universitetin PAZ markalı köhnə avtobusunu və 2 sürücü ayırdı. Onlara yolda bezin doldurmaq üçün talonlar da verildi.

 

Yanvarın 22-də Şəhidlər Xiyabanında Şəhidlərin dəfnindən sonra yola düşdük. Şəhərdən çıxanda 2 yerdə avtobusu hərbiçilər saxladı və əlindəki avtomatları içəriyə tuşladılar. Bu hal tələbələrdə böyük sıxıntı yaradırdı. Hər dəfə çıxıb Barannikovun telefon nömrələrini təqdim edirdim. Hərbiçilər nömrəni götürüb komandirə təqdim edirdilər. Onlar da hara isə zəng edib, sonra məni sorğu suala tuturdular. Yolda da bir neçə dəfə saxladılar. Çox çətinliklə 23 yanvar səhərə yaxın Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndinə çatdıq.

 

İlqar Əhmədov valideynlərinin istəyi ilə yanvar ayının 23-də anadan olduğu Borçalının mahalının Faxralı kəndində dəfn olundu. Faxralı kəndində keçirilən dəfn mərasimi Bakı şəhərində olduğu kimi Borçalının müxtəlif bölgələrindən gələn minlərlə soydaşlarımızın iştirakı ilə izdihamlı şəraitdə keçirildi. Mərasimdə Mərkəzi Hökumətin siyasətinin əleyhinə çoxlu cəsarətli çıxışlar edildi, Qorbaçovun ünvanına lənətlər söyləndi.

 

Qanlı 20 Yanvar faciəsi zamanı şəhid olan tələbəmiz İlqar Əhmədovun əziz xatirəsini Azərbaycan Texniki Universitetinin tələbə və müəllim kollektivi heç vaxt unutmayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".

 

Nigar Nəcəfova