Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 15:50:00
"Təhsil əngəl tanımır": “Böyük miqyaslı şirkət yaradacam” - MÜSAHİBƏ

"Təhsil əngəl tanımır" rubrikası davam edir.

 

AzEdu.az-ın budəfəki müsahibi Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi Əzim Əzizovdur.

 

Əzim Əzizov Bakı Ali Neft Məktəbinə 582 bal ilə daxil olub. Hazırda 3-cü kurs tələbəsidir və kompüter mühəndisliyi ixtisası üzrə təhsil alır. Onun gözündə mirvari suyu, çəplik və göz əsməsi kimi xəstəliklər mövcuddur.

 

Müsahibəni təqdim edirik.

 

Əzim Əzizov uşaqlıq xatirələrini bizimlə bölüşüb...

 

- Mən,Rusiyanın Moskva şəhərində anadan olmuşam. 1-2 il burada yaşadıqdan sonra Azərbaycana gəldik. 6 yaşımdan sonra bizə “Gözdən Əlillər Cəmiyyəti” nin binasında ev verdilər. Orta təhsilimi isə 5 saylı internat məktəbində almışam. Kiçik yaşlarımdan heç dəcəl biri deyildim. Uşaqlığımı velosiped sürərək, uşaqlarla həyətdə oynayaraq keçirmişəm.

 

- Dostlarınızla münasibətiniz necə idi?

 

- Düzü, uşaqlıq dostlarımın heç biri ilə münasibətim qalmayıb. Hər birimiz ayrı istiqamətlərə yönəldiyimizə görə hazırda əlaqəmiz yoxdur.

 

- Tək, yoxsa ailənizlə yaşayırsınız?

 

- Tək qalıram.

 

- Nə zamandan etibarən?

 

- 18-19 yaşımdan bəri nisbətən tək yaşayıram. Bəzən ailə üzvlərim evdə olur. Lakin düzünü desəm, tək başına da hər şeyi idarə edə bilirəm.

 

- Özünüzü tək hiss edəndə bunun öhdəsindən necə gəlirsiniz?

 

- Həmin hissi yaradan vəziyyətdən qurtuluram. Tək olduğumu daha çox köməksiz qalanda hiss edirəm. Məsəl üçün dostum yoxdur. Mən də özümə dost tapıb, həmin boşluğu doldururam. Bu hiss boşluğa görə yaranır. İnsanda nə isə çatışmazlıq olanda o hissi yaşayır.

 

- Əzim, dərslərdən əlavə məşğuliyyət və ya hobbiniz varmı?

 

- Mən gitarada ifa edə bilirəm. Bundan əlavə bir müddət rəqsə də getmişəm. Əslində, özümü bir çox sahədə sınamışam. Düşünürəm ki, insanın özünü bir çox sahədə sınaması çox yaxşı haldır. Belə olduqda özündə bir sıra kəşf edə bilirsən.

 

Təhsil aldığım 5 saylı internat məktəbinin arxasında 38 saylı musiqi məktəbi var. Bizim məktəblə əlaqəli olduğu üçün orada əlillər üçün də dərs keçirilirdi. Orada 3 il pianino dərslərinə getmişəm. Amma bir müddət sonra bu sahəyə marağım itdi. Ondan sonra vokal dərslərə getdim.

 

- Bəs ixtisasınızı niyə görə musiqi sahəsi üzrə yox, kompüter sahəsi üzrə davam etdirdiniz?

 

- Musiqi ilə yarı professional şəkildə məşğulam. Amma kompüterə həvəsim uşaqlıqdan bəri var. Və bu sahədə uğurlu olduğumu hesab edirəm.

 

- Alimlər sübut ediblər ki, musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdır. Yəni bu bizim əhvalımızı həm yaxşılaşdıra, həm də pisləşdirə bilər... Bəs siz musiqi ifa edəndə hansı hisləri yaşayırsız?

Açıklama yok.

- Musiqi bir ahəngdir. Düşünürəm ki, həmin səslər kimin həyatında nələr çatışmırsa, onu əvəz edir. Mən də musiqidə sevdiyim insanları tapıram. Yəni onların səsini eşidirəm.

 

- Maraqlıdır, həyatda nədən güc alırsınız?

 

- Əslində güc aldığım bir şey yoxdur. Sadəcə onu bilirəm ki, hər kəsin pis vəziyyətdə olduğu anlar olur. Emosional biri olmadığım üçün həmin mənfi hadisələr mənə pis təsir etmir. Əsas odur ki, hər pislikdən yaxşı nə isə çıxarasan. Mən isə bunu bacarıram.

 

- Etiraf etməliyik ki, kompüter mühəndisliyi ixtisası bir qədər çətin sahələrdən biridir. Necə oldu ki, bu sahəni seçdiniz?

 

- Düzünü desəm, Bakı Ali Neft Məktəbinə qəbul olmamışdan öncə valideynlərim ixtisasımla bağlı mənə qarşı çıxırdılar. Onlar düşünürdülər ki, müəllimlikdən başqa heç bir sahə üzrə çalışa bilmərəm. Amma mənim müəllimliyə marağım yox idi. Ona görə də ailəmlə mübarizə apardım və qalib gəldim. Hazırda isə məhz istədiyim sahə üzrə təhsil alıram.

 

- Bəs kompüterdən necə istifadə edirsiniz?

 

- Görmədən yazma deyilən bir bacarıq var. Bu kompüterdə çox işləyənlərə aiddir. Mənim klaviaturaya baxmağıma ehtiyac qalmır.  

 

- Əzim, sizcə insanları sevmək üçün gözə ehtiyac varmı?

 

- İnsanları sevmək üçün gözə ehtiyac yoxdur. O hissi ifadə etməkdə olmur. Sən insanın özünü sevirsən. Sevgi elə bir şeydir ki, ifadə oluna bilmir. Bunu nə sözlərlə ifadə edə bilirəm, nə də sözlər o genişliyə malikdir.

 

- Gözündəki xəstəliklər müalicə oluna bilərmi? Əməliyyat olmağı düşünürsüz?

 

- Mənim gözümdə bir neçə xəstəlik var. Mirvari suyu, çəplik, göz əsməsi və s. Bunların bəzilərinin müalicəsi var. Yayda əməliyyatı planlaşdırıram. Həkim seçimi ilə bağlı problem yaşayıram.

 

- Semestr imtahanları artıq yekunlaşıb. Bəs hazırkı vəziyyətinə görə imtahanlarda sizə güzəşt olunurmu?

 

- İmtahanlarla bağlı mənim üçün heç bir güzəşt olunmur. Mənim üçün müvafiq şərait yaradılır. Mən müraciət edib elektron formada imtahan verirəm. Digər uşaqlar isə qələm və kağızla yazırlar. Mən normal yazını sürətlə oxuya bilmirəm. Buna görə mənə əlavə vaxt verirlər. Digər tələbələrə ədalətsizlik olmamaq şərti ilə mənim üçün imkanlar yaradılır.

 

- Gələcək karyeranız nədən ibarətdir?

 

- Əslində, mən özümü biznesmen kimi də görmək istəyirəm. Hazırda şirkət yaratmaqla bağlı bəzi fikirlərim var. Şirkət deyəndə hansısa, xırda şirkətdən söhbət getmir. Miqyas olaraq “Kapital Bank” ölçüsündə bir şirkət təsis etməyi düşünürəm. Bu ideyaları reallaşdırmaq üçün gələcəyi gözləyirəm.

 

- Görmə məhdudiyyətli şəxslərə tövsiyəniz nədir?

 

 - Tövsiyəm odur ki, heç vaxt təslim olmasınlar. Həmişə çalışsınlar. Çalışmasalar heç nəyi əldə edə bilməzlər.