Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 17:04:51
Qızıl medalçı: “Dünyanın ən reytinqli universitetlərindən birinə qəbul olmaq istəyirəm”

9-18 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib. 

 
Belə ki, Elm və Təhsil Nazirliyindən  13 ölkədən 135 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar. 

 
Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi  qızıl medal qazanan Ayxan Dəmirli təəssüratlarını AzEdu.az-a bölüşüb:

 

“İlk dəfə qızıl medala layiq olduğumu eşidən zaman qürur duydum. Çünki bunun üçün çox çalışıb, əziyyət çəkdim və sonunda nəticə əldə edə bildim. 8-ci sinifdən informatika fənni üzrə hazırlaşıram. Demək olar ki, günümün 4-5 saatını buna ayırırdım. 8-ci sinifdə oxuduğum zaman atam məni onlayn informatika proqramlaşdırma kursuna yazdırdı. Artıq ordan bu fənnə marağım yaranmağa başladı. Daha sonra informatika fənni üzrə olimpiada keçiriləcəyi xəbərini eşitdim və iştirak üçün qeydiyyatdan keçdim. Təbii ki, qızıl medala layiq görülməyimdə məktəbin də rolu danılmazdır. Çünki müsabiqəyə hazırlaşmaq üçün bizə şərait yaradırdılar. Mən və digər olimpiadaya hazırlaşan şagirdlərlə birlikdə məsələlər həll edirdik". 

 

Ayxan Dəmirli qeyd edib ki, dünya reytinqində ilk sıralarda yer alan ali təhsil müəssisələrindən birinə qəbul olmaq istəyir:

 

"Hazırda IT sahəsi üzrə hazırlaşıram və dünya reytinqi üzrə Top-10 universitetlərdən birinə qəbul olub, bu sahə üzrə daha yaxşı inkişaf etmək istəyirəm. Bu zamana qədər ən böyük istəyim xaricdə təhsil almaq olub. Uğurlarımın və nailiyyətlərimin davam etməsi üçün hər zaman çox çalışacam".