Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 12:48:09
"Bəzi universitetlərdə tədris prosesi şablon olaraq qalıb..."

2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanından azad olunublar.

 

Belə ki, yekun dövlət attestasiyasından (dövlət imtahanı) azad olunan tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq.

 

Maraqlıdır, bu il dövlət imtahanının ləğv olunması təhsilin keyfiyyətinə necə təsir göstərəcək?

 

AzEdu.az-a danışan sabiq deputat, təhsil eksperti Sona Əliyeva məsələ ilə bağlı öz fikirlərini bildirib:

 

“Dövlət imtahanının ləğv olunması tələbələr üçün müsbət haldır, çünki bu onları əlavə imtahan stressindən azad edir. Lakin, dövlət imtahanları tələbələrin bilik və bacarıqlarını təkrar və sonuncu dəfə ölçən qiymətləndirmə vasitəsi idi. Bu da əlbəttə ki, təhsilin keyfiyyətinin təhlili üçün əhəmiyyətlidir”.

 

Sona Əliyeva bildirib ki, bu qərarın verilməsi və imtahanların ləğvi təhsilə hər hansı bir ciddi təsir yaratmayacaq:

 

“Bu təsirlərin ölçülməsi üçün çoxsaylı faktor üzərindən təhlil aparmaq lazımdır. Dünyanın inkişaf etmiş və uğurlu təhsil sistemi olan ölkələrində bu təcrübə mövcuddur, lakin orada tələbəyönümlü alternativ ölçmə-dəyərləndirmə vasitələri tətbiq olunur. Sual olunur ki, universitetlər bununla bağlı hansı qərarları alıblar, Əgər dövlət imtahanı ləğv olunubsa, hansı üsulla tələbələrin bilikləri yoxlanacaq?”

 

Həmsöhbətimizin sözlərinə görə Azərbaycan universitetlərində şəffaflıq baxımından imtahan üsulu və qaydaları dəyişsə də bu tələbələr arasında əzbərçiliyə gətirib çıxarıb:

 

“Odur ki, universitetlər həm semestr imtahanlarına daha yaradıcı yanaşmalı, tələbələrin bilik, həvəs, maraq və bacarıqlarını tamamilə ortaya qoya bilən ölçmə meyarları tətbiq etməyə maraqlı olmalıdır. Lakin bəzi univeristetlərdə uzun zamandır ki, tədris prosesi, imtahanlar, sərbəst işlər əvvəlki qaydada, şablon olaraq qalır”.