Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 16:01:00
Uşaqlar dərs oxumağa həvəsli deyillər – Səbəblər və ÇIXIŞ YOLU

Yaşının neçə olmasından asılı olmayaraq uşaqların oyunlara, müxtəlif əyləncələrə  maraqları dərs oxumağa olan həvəsdən yüksəkdir. Onlar saatlarla oyun oynaya bildiyi halda 1-2 səhifə tapşırıq işləyəndə yorulur, hətta bəzən buna görə aqressivləşməyə, ağlamağa başlayırlar.

 

Uşaqların dərsə marağının artırılması üçün kiçik yaşlardan hansı üsullardan istifadə etmək lazımdır?

 

Təhsil eksperti Adil Vəliyev mövzu ilə əlaqədar fikirlərini AzEdu.az-la bölüşüb.

 

Şagirdlər fiziki və zehni cəhətdən çox yorulur - deyə ekspert bildirib: “Müəllimlər evə çoxlu sayda tapşırıq verirlər. Bir mövzu ilə bağlı bir neçə ev tapşığı verməyə ehtiyac yoxdur. Məsələn: şagirdə iki rəqəmli ədədin vurulması ilə bağlı tapşırıq verilirsə, bunun üçün eyni mövzudan 4-5 sual vermək lazımsızdır. Əgər şagird bir tapşırığı həll edə bilirsə, deməli qaydadan xəbəri var.  Şagird dərsdən günorta gəlib dincələnə kimi səhərin tapşırıqlarını yerinə yetirmək məcburiyyətində olur. Nəzərə alsaq ki, əlavə hazırlıqlar da var, bele olduğu halda o, həm  fiziki həm də zehni cəhətdən çox yorulur”.  

 

A.Vəliyev qeyd edib ki, xarici ölkələrdə uşaqların dərs oxumasına fərqli yanaşma mövcuddur: “Bir çox xarici ölkədə uşaqların ayrıca tapşırıq dəftərləri və kitabları olur. Bu vəsaitlər üzərində işləyərkən yazılan vərəqləri cırıb çıxarırlar. Bunun psixoloji təsiri ondan ibarətdir ki, uşaqların gözündə kitab və dəftərlərinin vərəqinin sayı azalır. Və avtomatik olaraq şagird düşünür ki, mən bu qədər vərəqi həll edərək kitabdan çıxartmağa nail oldum.  Belə olduğu halda uşaqda güclü motivasiya və özünəinam hissi formalaşır, digər tapşırıqları da yazmağa can atır.  Ancaq təəssüf ki, bizim ölkədə belə bir tendensiya mövcud deyil. Dövlət tərəfindən paylanan kitabların vərəqini cırmaq, yazmaq qadağandır. Bununla yanaşı məktəb, həmçinin hazırlıq müəllimləri tərəfindən  verilən tapşırıqların sayı hədsiz çoxdur”.

 

Müsahibimiz bildirib ki, şagirdləri tapşırıq həll edən zaman danlamaq olmaz: “İstər müəllimlər, istərsə də valideynlər şagirdlərlə tapşırıq işləyərkən onlara ağır olacaq sözlər deməkdən, həmçinin danlamaqdan çəkinməlidirlər. Bunun yerinə onlara motivasiya verməlidirlər. Belə olduğu halda şagirdlərdə dərsə, oxumağa-yazmağa maraq daha da artacaq”.