Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 14:26:00
Uzaq məsafə qət edən “Fədakar müəllim” : “Bəzən piyada getməli oluram”  

Cəmiyyətdə müxtəlif peşələrə yiyələnmiş insanlar fəaliyyət göstərir. Lakin həkim də, hüquqşünas da, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Bəzi müəllimlər də var ki, yaşadığı yerdən kilomertələrlə uzağa məhz bilik öyrətmək üçün gedir.

 

AzEdu.az təhsil portalı olaraq dəfələrlə “Fədakar müəllim” rubrikası altında yaşayış yerindən uzaqda fəaliyyət göstərən, uzaq məsafələr qət edən müəllimlərlə silsilə müsahibələr təqdim etmişik.

 

Bugünkü müsahibimiz Azərbaycan dili və ədəbiyyat müəllimi Xumar Nəsibova həftədə 4 gün Bakıdan, Hacıqabulun Kolani kəndinə dərs demək üçün gedir.

 

Müsahibəni təqdim edirik...

 

- Xumar müəllim, əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz...

 

- Mən, Nəsibova Xumar Loğman qızı 16 iyun 1991-ci ildə Füzuli rayonunda anadan olmuşam. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışam. Universiteti bitirdikdən sonra 2013-cü ildə Müəllimlərin İşə Qəbulu imtahanından uğur qazanaraq  İmişli rayonunda yerləşən Füzuli rayon 11 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam. 2021-ci ildə yenidən MİQ imtahanında iştirak edərək, hazırda çalışdığım Hacıqabul rayon Ə.Ağayev adına Kolani kənd tam orta məktəbində pedaqoji fəaliyyətimi davam etdirirəm. Həftədə 4 dəfə Bakıdan, Hacıqabula fənnimi tədris etmək üçün gedib-gəlirəm.

 

- Müəllim olmaq qərarına necə gəldiniz?

 

- Müəllimlik istəyi məndə uşaqlıqdan formalaşıb. Düşünürəm ki, müəllim ailəsində doğulmağımın burada böyük təsiri var.  Həmişə bu sahəyə meylim, marağım olub. Müəllimliyi digər bütün sahələrdən üstün bilmişəm. Hər zaman bu peşəni hər peşədən üstün görmüşəm.

 

- İmtahandan uğurla keçərək müəllim olduğunuzu gördükdə ilk reaksiyasınız necə oldu?

 

- İmtahana hazırlaşmaq, iştirak etmək böyük zəhmət, əzim tələb edir. Uşaqlıq arzumun, həmçinin əməyimin bəhrəsini görəndə çox sevindim.

 

- Xumar müəllim, qeyd etdiniz ki, həftənin 4 günü uzaq məsafə qət edərək dərsə gedirsiniz. Gedib-gəlməkdə çətinliyiniz var?  

 

- Əslində məsafənin uzaqlığına görə bəli, çətindir. Lakin öyrənib-öyrətmək istəyim bu çətinliyi mənə unutdurur.

 

- Fəaliyyətiniz dövründə heç olub ki, işdən çıxmağı düşünmüsünüz?

 

- Xeyr, heç vaxt işdən çıxmaq barədə düşünməmişəm. Şərait çətin olsa da, dediyim kimi mən bu peşəni hər şeydən üstün tuturam.

 

- Fəaliyyət dövrünüzdə hər hansısa ekstremal vəziyyətlə üzləşmisiniz? Əgər varsa, bizimlə bölüşməyinizi istərdim...

 

- Fəaliyyət göstərdiyim məktəb kənd məktəbidir. Buna görə də nəqliyyat problem ilə üzləşirəm. Vaxt olub ki, işlədiyim kənddən digər kəndə qədər olan uzaq məsafəni piyada getməli olmuşam. 

 

 

- Məktəblə bağlı xatirinizdə ən yadda qalan hadisə nə olub?

 

- Şagirdlərimin hər biri bir dünyadır, onlarla keçirdiyim hər dərs mənim üçün yadda qalan olur.

 

- Fənninizi şagirdlərə necə mənimsədirsiniz?

 

- Müasir dövrün şagirdləri əylənərək öyrənməyi sevirlər. Bu nüansı nəzərə alaraq interaktiv dərs üsullarından istifadə edirəm. Beləcə, tədris etdiyim fənni şagirdlərə sevdirməyi, həmçinin mənimsətməyi bacarıram. Düşünürəm ki, bu işin öhdəsindən gəlirəm.

 

- Şagirdlərlə münasibətiniz necədir? İlk dərs gününü necə xatırlayırsınız?

 

- Onlar üçün şərait yaradıram ki, hər zaman dərslə əlaqədar fikirlərini çəkinmədən, aydın şəkildə izah etsinlər. Onlara özgüvənli olmağın əhəmiyyətini açıq şəkildə izah edirəm və praktiki olaraq tətbiq edirəm.  İlk dərs günü çox həyacanlı idim, çünki ilk dəfə sinif otağına müəllim kimi daxil olurdum. 7-ci sinfə Azərbaycan dili dərsim var idi. Zəng vuruldu, sinfə daxil oldum, şagirdləri gördüm, anidən bütün həyacanım keçdi, onlarla ünsiyyət qurdum və beləcə, dərs öz axarı ilə getdi.

 

- Əmək haqqınız sizi qane edir?

 

- Bəli, qane edir. Elm və Təhsil Nazirliyinin təşkili ilə keçirilən sertifikasiya imtahanında iştirak edərək yüksək bal topladığım üçün əmək haqqımda əlavə olaraq  35% artım oldu.

 

-Gələcək hədəfləriniz nələrdir?

 

-Gələcəkdə məktəblərin birində direktor müavini kimi fəaliyyət göstərməyi düşünürəm.

 

-Xumar müəllim, Şagirdlərə nə kimi tövsiyələriniz var?

 

-Şagirdlərə dərslərə məsuliyyətlə yanaşmağı, çoxlu mütaliə etməyi, dünyagörüşlərini artıracaq məlumatlarla maraqlanmağı tövsiyə edirəm.