Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-18 15:47:00
Bakıda “Avropada təhsil” sərgisi başlayıb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa universitetlərində təhsil almaq istəyənlər üçün “Avropada təhsil” sərgisini təşkil edib.

 

 AzEdu.az xəbər verir ki, sərginin açılış mərasimində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edib.

 

O qeyd edib ki, sərgi Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, təşkilata üzv ölkələrin səfirliklərinin, eləcə də Aİ-nin nüfuzlu universitetlərinin dəstəyi ilə artıq ikinci ildir Bakıda təşkil olunur:

“Təhsil Aİ ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir. Bir çox azərbaycanlı artıq Aİ-də təhsil alıb və ümid edirəm ki, sizlərin əksəriyyəti də Avropa universitetlərində oxuyan tələbələrin sırasına qoşulacaq. İştirakçıların hər birini çoxlu təhsil müəssisələrinin olduğu Avropa İttifaqının ali təhsil sahəsi ilə ətraflı maraqlanmağa dəvət edirik. Avropa universitetləri Azərbaycandan və bir çox başqa ölkələrdən olan tələbələr üçün açıqdır. Aİ ölkələrindən birində təhsil almaq tələbələrə təkcə yüksək keyfiyyətli ali təhsil almaq yox, həm də səyahət etmək və yeni dostlar qazanmaq imkanı verəcək”.

 

Tədbirdə Aİ-yə üzv ölkələrin səfirləri də iştirak ediblər.

 

Qeyd edək ki, “Avropada təhsil” sərgisi “Avropa bacarıqlar ili” təşəbbüsü çərçivəsində baş tutan silsilə tədbirlərdən biridir. Avropa İttifaqı yüksək məvacibli və ixtisaslı işlər naminə müvafiq bacarıqlara yiyələnmək istiqamətində insanlara yardımçı olmaq, həmçinin bacarıqlar sahəsində çatışmazlıqların aradan qaldırılmasında şirkətlərə dəstək olmaq məqsədilə 2023-cü ili “Avropa bacarıqlar ili” elan edib.

 

Bu gün açılan sərgi iki gün davam edəcək.

 

Avropada təhsil almaq marağında olan bütün tələbə və peşəkar mütəxəssislər www.studyineu.az internet ünvanına müraciət etməklə qeydiyyatdan keçə və tədbirə qoşula bilərlər.