Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 16:12:56
8000-ə yaxın tələbə təhsil müəssisəsindən xaric olunub - Səbəblər sadalandı  

Dövlət İmtahan Mərkəzinin (DIM) təqdim etdiyi statistikaya görə, 2022-ci ildə 7855 tələbə təhsil müəssisələrindən xaric edilib.

Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub. Çıxarılmalar davamiyyət məsələsinə görə və könüllü şəkildə olub.

 

Təxminən 8000-ə yaxın tələbənin təhsilinin yarımçıq qalması bir çoxlarımızı narahat etməli və səbəbləri araşdırılmalıdır. Bu qədər xaricetməyə səbəb olan amillər nələrdir?

 

Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”


Təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında qeyd etdi ki, ölkədə ali və orta ixtisas təhsili müəssisələrində 265 mindən artıq tələbə var: 

 

“Təhsil müəssisəsindən azad olunan 8000-ə yaxın tələbə təqribən 4-5 faiz  təşkil edir”.

 

Onun sözlərinə görə, universitetdən xaric olunan tələbələrin təhsili müxtəlif səbəblərdən yarımçıq qalıb:  

 

“Kimisi illik təhsilhaqqını ödəyə bilməyib. Bəziləri şəxsi həyatla bağlı məsələlərə görə uzaqlaşıb. Elə tələbələr də var ki, ailə quraraq təhsillərini yarımçıq qoyublar.

 

Bir qisminin də dərslərə davamiyyəti xeyli zəifləyib. Ən çox ödənişli təhsil alanlar oxumaqdan imtina edirlər. Düşünürəm ki, 8 min tələbənin əksər hissəsi illik təhsilhaqqını ödəyə bilməyənlərdir.

 

Yerdə qalanlar isə ailə məsələləri, şəxsi həyatla bağlı olaraq təhsilini yarımçıq qoyanlardır. Bütün bu səbəblər fərdi qaydada araşdırılmalı, statistikası çıxarılmalıdır. Ümumi say təqdim olunub. Lakin neçə tələbənin hansı səbəbdən çıxması tam məlum deyil”.

 

No description available.

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə isə bu statistika bizə bir çox mətləblərdən xəbər verir:

“Burada müxtəlif səbəblər ola bilər. Mövzu haqqında danışmaq üçün mütləq şəkildə data toplamalı, tədqiqat aparmalı, həmin insanlar dinlənilməlidir. Onda bu qədər gəncin təhsilinin nə üçün yarımçıq qalmasının səbəbləri bizə məlum olar”.

 

Müsahibimizin ilk olaraq vurğuladığı səbəblərdən biri tələbənin buradakı təhsilini dayandırıb, hansısa xarici ölkədə davam etdirmək üçün müraciət etməsidir:

“Sözügedən məsələnin kökündə müxtəlif səbəblər ola bilər. Məsələn, ola bilər ki, tələbə ali məktəbi dəyişdirir. Oxuduğu təhsil müəssisəsini buraxır və başqa bir universitetdə təhsilini davam etdirmək üçün hazırlaşır. Mənim tanıdığım belə onlarla insan var ki, oxuduğu təhsil müəssisəsindəki təhsilini dayandırıb, İELTS-ə hazırlaşır və xarici universitetlərə müraciət edir”.

 

Ekspertin sözlərinə görə, digər bir səbəb bəzi tələbələrin təhsil aldıqları müddətdə oxuduqları universitetin, ixtisasın bazardakı mövqeyindən narazı olmasıdır:

“Bu təhsil müəssisəsinin ona perspektiv vəd edəcəyini düşünmür və aldığı təhsilin əmək bazarına adekvat olmadığını müşahidə edir. Ali və ya orta ixtisas təhsili müəssisəsində oxumaq yerinə müəyyən sahə üzrə ixtisaslaşmaq üçün kurslara gedir”.

 

Q.Məhərrəmov vurğulayıb ki, ümumi orta təhsil müəssisələrinə buradan xaricolmaların əsas səbəbləri daha çox nizam-intizam qaydalarının pozulması və yaxud fərqli peşə üzrə yönəlmələrdir:

“Ümumilikdə isə xaricolmalar müxtəlif səbəblərdən ola bilər. Bu datalar bizim əlimizə konkret statistik göstəricilər əsasında çatmalıdır”.