Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 14:20:00
Məktəbə telefon aparmaq qadağan olunur? – Şura üzvündən dəstək  

 

Xəbər verdiyimiz kimi, Türkiyədə məktəbə telefonla gəlmək qadağan olunub. Bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin məlumat verib. Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər:

 “Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik”.

 Qurum rəhbəri müəllimlərin də pis nümunə olmamaq üçün sinfə telefonla girməyəcəklərini vurğulayıb.

 

Qeyd edək ki, bu məlumatdan sonra Azərbaycan ictimaiyyətində analoji məsələ ətrafında fikir mübadiləsi aparılmağa başlanıldı. Kimi telefonun dərs prosesini pozmasını iddia edərək, şagirdlərin məktəblərə smartfon gətirməsini pislədi, kimi isə internet, telefon əsri olduğunu bildirərərək bu halı alqışladı.

Maraqlıdır, Azərbaycanda da qardaş ölkədəki kimi analoji qərar verilə bilərmi?

 

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

 

Sualımızı cavablandıran təhsil eksperti, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov AzEdu.az-a bildirib ki, smartfonların məktəbə gətirilməsinin qarşısını almaq üçün belə bir qərar verilməsinin tərəfdarıdır:

 

“Türkiyə təhsil nazirinin verdiyi qərarla tanışam. Düşünürəm ki, kifayət qədər ədalətlidir. Azərbaycanda belə bir qərarın qəbul olunmasının tərəfdarıyam. Buna mütləq şəkildə ehtiyac var”.

 

 

Şura üzvü diqqətə çatdırıb ki, smartfonlar tədris vəsaiti deyil və onun istifadəsi yolverilməzdir:

 

 

“Dərs prosesində yalnız lazım olan ləvazimatlar istifadə oluna bilər. Smartfonlar tədris vəsaitləri deyil. Onların istifadəsinə imkan vermək olmaz. Mənim də övladım var. Övladım orta məktəbdə oxuyarkən,  razılaşmışdıq ki, o, telefondan istifadə etməyəcək. Universitetə qəbul olunduqdan sonra bunun nə qədər doğru bir qərar olduğunu görürdük. Çünki mobil telefon dərslərə kifayət qədər mane olur. Nəinki smartfonların dərsdə istifadə olunması, ümumiyyətlə məktəbə gətirilməsi yolverilməzdir”.

 

 

Ekspertin fikrincə, şagirdlərin telefonla dərs prosesini pozması özünütəsdiq ehtiyacının nəticəsidir:

 

 

“Azərbaycanda telefonların məktəbə gətirilməsi kifayət qədər problemlərə səbəb olur. Məktəb yaşlı uşaqlarda daha çox psixoloji olaraq özünütəsdiq ehtiyacı var. Bu səbəbdən onlar dərsdə telefonla müxtəlif şəkildə ya çəkilişlər edib, ya da dərsi pozub ətrafındakı həmyaşıdlarının diqqətini cəlb etməyə çalışırlar.

 

Şagird davranış qaydaları ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada kifayət qədər müzakirələr aparılıb. Bu müzakirələr nazirliyin rəsmiləri, şöbələrin rəhbərləri, nazir müşavirlərinin iştirakı ilə təşkil olunub. Düşünürəm ki, sözügedən məsələ şagird davranış qaydaları ilə birbaşa əlaqəlidir”.