Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 15:02:13
Sabiq deputatdan təklif: “Müəllimlərin əmək haqqı standart olsun!”  

Məlum olduğu kimi, sertifikasiyanın test imtahanlarından 30-50 bal toplayan müəllimlərin maaşı 10 faiz, 51-60 bal toplayanlarınkı isə 35 faiz artımla veriləcək.

 

Bu qayda xeyli müzakirələrə yol açıb və müəllimlərin böyük əksəriyyəti maaşa əlavənin belə hesablanmasını ədalətsiz bölgü hesab edir.

 

Ötən günlərdə millət vəkili Vüqar Bayramov sertifikasiyanın test imtahanlarından keçən müəllimlərin maaşına əlavələrlə bağlı Elm və Təhsil Nazirliyinə yeni təklif verib.

 

Deputat əmək haqqı artımları üçün aşağıdakı formulanı təklif edib:


- 30-35 bal toplayanlar üçün 10 faiz;
- 36-40 bal toplayanlar üçün 15 faiz;
- 41-45 bal toplayanlar üçün 20 faiz;
- 46-50 bal toplayanlar üçün 30 faiz;
- 51-55 bal toplayanlar üçün 35 faiz;
- 56-60 bal toplayanlar üçün 40 faiz.
 

Bəs bu təklifin gerçəkləşməsi müəllimlərin narahatlığını aradan qaldıracaq?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyevanın fikrincə,  müəllimlərin bu cür kateqoriyalara bölünməsi doğru deyil: 

 

“Müəllimlərin bu cür dəyərləndirilmələrini, maaşların kriteryalara görə müəyyən olunmasını düzgün hesab etmirəm. Bu lap universitet tələbəsinə nailiyyət dərəcəsinə görə təqaüd verməyə oxşayır. Burada konkret bir keçid olmalı idi. Müəyyən bir səviyyə olmalı idi ki, o səviyyənin altındakı müəllimlərin nəticələri qeyri-məqbul sayılsın, səviyyənin üstündə olanlarda isə əmək haqqı artımı standart olsun. Düşünürəm ki, belə olduqda heç bir ədalətsizliyə yol verilməyəcəkdi. Amma yenə də son qərar Elm və Təhsil Nazirliyi tərəfindən verilir. Biz yalnız öz şəxsi fikrimizi və mövqeyimizi ifadə edə bilərik. Bu isə heç bir qaydaya təsir göstərmir”.