Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 13:18:00
Məktəbəhazırlıq qrupları ilə bağlı nəyi bilmirik?- Hansı prosedura qaydalarına əməl olunmur?

AzEdu.az-ın “Nəyi bilmirik?” rubrikası təhsillə bağlı bilmədiklərinizi oxuculara  çatdırmağa davam edir:

Rubrika əsnasında bu dəfə məktəbəhazırlıq qruplarına qəbul barədə məlumatları çatdıracağıq.

Qəbul qaydaları

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux Rayon (şəhər) Təhsil Şöbələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, o cümlədən, həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada mektebeqebul.edu.az sistemində qeydiyyat aparılması ilə həyata keçirilir. Digər rayonlarda qəbul isə ümumtəhsil məktəblərinə gedərək həyata keçirilir.

Məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilməlidirlər.

Tələb olunan sənədlər

-Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi;

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi;

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda);

-Sağlamlıq haqqında arayış-forma 26U;

- 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

-Məktəb direktorunun adına ərizə; Yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”

Qeydiyyat vaxtları

Rayonlar üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır.

Qruplarda uşaq sayı

Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına ən azı 10 uşaq, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 uşaq müəyyən olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Dərs müddəti

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.  Məktəbəhazırlıq məşğələləri həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Qrupların məqsədi

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Tədris planı

Bu qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda xüsusi qiymətləndrimə tətbiq olunmur. Hər gün uşaqlar şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. Məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün ev tapşırığı nəzərdə tutulmur.

Müəllim seçimi

Məktəbəhazırlıq qruplarına müəllimlər, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən, IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilir.

Tətillər

Payız tətili – 16-20 noyabr

Qış tətili-27-31 yanvar

Əlavə tətil-1-5 may

Qeyd edək ki, 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizinə qədərinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulub.