Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 17:10:00
700 bal toplamaq şagirdin gələcəyini müəyyən etmir... - EKSPERT

Hər il ali məktəbələrə qəbul imtahanlarının nəticələri açıqlanan zaman müzakirə edilən məsələlərdən biri də maksimum nəticə - 700 bal toplayanlarla bağlı olur. Müəllimlər öyrətdiyi şagirdlərindən, valideynlər isə övladlarından maksimum nəticə gözləyirlər. Artıq bu il bəribaşdan məlumdur ki, 700 bal toplayan olmayacaq. Bu mövzu hazırda sosial şəbəkələrdə və digər platformalarda böyük bir problem olaraq müzakirə olunur.


Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bugünkü açıqlamada ictimaiyyətə çağırış edib: "700 bal yoxdursa, dünya dağıldı? Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın".


Həqiqətənmi universitetə qəbul imtahanlarında maksimum nəticə əldə etmək şagirdin həyatında böyük rol oynayır? Onun təhsil həyatında, gələcək karyerasında, həyat yolunda deyildiyi qədər böyük təsirə malikdir?

 

AzEdu.az-ın əməkdaşı sözügedən mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məmmədovla söhbətləşib.


Ekspert bu fikirdədir ki, 700 bal axtarışında olmaq, maksimum bal istəmək şagirdin birbaşa gələcəyini müəyyən etmir. 

“Mən düşünürəm ki, Azərbaycanda “palaza bürün, el ilə sürün” anlayışı var. Bu anlayış xalqımıza hakimdir. 700 bal axtarışında olmaq, maksimum bal istəmək şagirdin birbaşa gələcəyini müəyyən etmir. Dünyanın müxtəlif ölkələrində bununla bağlı yüzlərlə tədqiqat aparılıb. Universitetə qəbul olunan zaman toplanılan balın yüksək olması sonrakı həyata elə də böyük təsir etmir. Əlbəttə, həmin şagird performansını universitet həyatında da davam etdirərsə, bax, bu zaman böyük uğurlar qazanmaq olar”.

Ekspert deyir ki, əsas məsələ daim öz üzərində işləmək, şəxsi inkişafın ön planda olması, əzmkarlıqdır.

“Onun uğurlu olmasına təsir göstərəcək amillər bunlardır. Amma “övladım mütləq 700 bal toplamalıdır” düşüncəsi doğru deyil. Bəzən bu kimi düşüncələrin diqtə edilməsi ilə şagird elə hesab edir ki, həyatda qazana biləcəyi ən böyük uğur budur. Maksimum bal toplayaramsa, hər şey düzə çıxacaq. Bütün çətinliklər bitəcək. Halbuki, bu hələ ilk mərhələdir”.

Müsahibimizə görə, gənclərdə İQ ilə yanaşı, EQ-nun da inkişafına diqqət yetirmək lazımdır.


“Şagirdin intellektual əmsalı (İQ) ilə yanaşı, emosional əmsalının (EQ) yüksək olması gərəklidir. Buna nəzər yetirmək lazımdır ki, eyni səviyyədə inkişaf edirmi?! İnkişafdadırsa, bu müsbər haldır. Yox, əgər birtərəfli inkişaf edirsə, bu digər həyati məsələlərdə özünü göstərəcəkdir. Valideynlər “qonşudan geri qalma” prinsipi ilə hərəkət edirlər. Bu da övlad üzərindən bir yarışa çevrilir. Mövcud hal həmin gəncin psixoloji durumuna kifayət qədər təsir göstərir”.