Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 13:05:00
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR

Xəbər verdiyimiz kimi, 26 may Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupuna blok imtahanı keçiriləcək.

 

Maraqlıdır, üçüncü qrupa hazırlaşan abituriyentlər hansı ixtisaslar üzrə seçim etsələr, universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkməzlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə DT altqrupu ən perspektivli ixtisas hüquqdur:

 

“Çünki bu ixtisası seçənlər həm dövlət, həm də özəl sektorlarda iş imkanları əldə edə bilərlər. Burada hüquq mühafizə orqanlarında, prokurorluq, məhkəmə sistemində, o cümlədən şirkətlərdə hüquqşünas kimi işləmək kimi imkanlar var. Bununla yanaşı ikinci ən yaxşı dövlət və ictimai münasibətlər ixtisasıdır. Bu ixtisası bitirən tələbələr xüsusilə dövlət qulluğu imtahanında iştirak edərək dövlət qurumlarına müraciət edə bilir. Tələbə bu ixtisası bitirdiyi təqdirdə hüquq mühafizə orqanları istisna digər  dövlət qurumlarında iş üçün müraciət hüququ əldə etmiş olur”.

 

Təhsil eksperti bildirib ki, TC altqrupunda beynəlxalq münasibətlər ixtisası perspektivli ixtisaslardan sayılır:

 

“Bu ixtisas daha çox xarici səfirliklərdə və xarici səfirlərin ölkədəki səfirliklərində, Azərbaycanın xaricdəki səfirliyində o cümlədən xarici şirkətlərdə, Xarici İşlər Nazirliyində iş imkanları əldə etmiş olurlar. Düzdür, hazırda beynəlxalq münasibətlər ixtisasında iş imkanları o qədər də geniş olmasa da bu ixtisasın gələcəkdə iş imkanlarının artma ehtimalı var. Çünki  xarici şirkətlərin Azərbaycana axın etməsi bu ixtisasın da iş imkanlarının genişləndirilməsinə səbəb ola bilər”.

 

R.Nurəliyev 500 bal toplayacaq abituriyentlərə müəllimlik ixtisasını məsləhət görüb:

 

“Azərbaycan dili və ədəbiyyatı, İngilis dili, Tarix müəllimliyi ixtisasları var ki, bu da həmin ixtisas sahiblərinin gələcəkdə təhsil sektorunda, təhsil sahəsində iş imkanlarının əldə etməsinə səbəb olacaq. Çünki MİQ imtahanında iştirak etdikdən sonra ümumi təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərmək olar. Bununla yanaşı, kurslarda, fərdi repetitor kimi işləmək olar. Bəzi abituriyentlər təhsildə sosial psixoloji xidmət ixtisasını psixologiya ixtisası ilə qarışdırırlar. Psixologiya ixtisası 4-cü qrupa aiddir. Təhsildə sosial psixoloji xidmət ixtisasını bitirənlər təhsil sektorunda və ümumitəhsil məktəblərində psixoloq kimi fəaliyyət göstərə bilərlər”.

 

Təhsil eksperti vurğulayıb ki, ingilis dilində tərcümə ixtisasındansa, alman, italyan, ispan, çin, koreya, ərəb dilində tərcümə üzrə təhsil almaq daha yaxşı olar:

 

“Çünki hazırda dövlət və özəl qurumlarda işləyənlərin əksəriyyəti ingilis dilini bilir. Amma alman, ispan, ərəb dilində tərcüməni oxuyanlar,magistraturanı da həmin ölkələrdə oxuyarlarsa, həm həmin ölkədə, həm də Azərbaycanda fəaliyyət göstərən səfirliklərdə, şirkətlərdə iş imkanları əldə edə bilərlər. Ərəb dilində danışan dövlətlərin sayının çox olması iş imkanlarının da çoxluğunu ortaya qoymuş olur”.

 

R.Nurəliyev qeyd edib ki, sosial iş ixtisasına maraq artmaqdadır:

 

“ Dövlət Sosial Müdafiə Fondu, Qocalar evi, Asan xidmət, İctimai birliklər, İctimai fəaliyyətlər bunların hamısı bu ixtisasın iş imkanlarını büruzə verir”.

 

Təhsi eksperti həmçinin iş imkanları məhdud olan ixtisaslardan da danışıb:

 

“Fəlsəfə və Filologiya  ixtisasını qətiyyən məsləhət görmürəm. Hazırki vəziyyətə görə bu ixtisasların iş imkanları məhduddur. Hətta iş yoxdur deyə bilərik. Bu ixtisaslara nisbətdə muzey, arxiv işi və abidələrin qorunması ixtisasını məsləhət görərdim. Çünki burada həm muzeylərdə, həm də dövlət qurumlarında arxiv idarələrinin qorunmasında iş imkanları var”.

 

R.Nurəliyevin sözlərinə görə bir çox abituriyent dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) ixtisası ilə ingilis dili müəllimliyi ixtisasının fərqini bilmir:

 

“Hər hansı bir abituriyent gələcəkdə gedib İngiltərədə və yaxud da ki, başqa bir xarici ölkədə yaşayıb, İngilis dili müəllimliyini tədris edəcəm deyirsə, bu abituriyent Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) mütləq seçməlidir. Amma bir abituriyent Azərbaycanın ümumi təhsil məktəblərində İngilis dili müəllimi işləmək istəyisə,  o zaman xarici dil müəllimliyi ixtisasını seçməlidirlər”.