Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 12:27:00
"Şagirdlərə məktəb seçimində müstəqillik verilməlidir"

Son zamanlar gündəm olan mövzulardan biri də 10-11-ci siniflərdə tədrisin təşkili ilə bağlıdır. İnsanlar arasında 10-11-ci siniflərdə təhsilin ödənişli olması təklifi səsləndirilir.

 

Bəs, görəsən, yuxarı sinif şagirdlərinin hazırlıqlara getmək mövzusunda güzəştlər varmı? Şagirdlərin repetitorların yanına gedə bilməsi üçün atılan bu addım nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, 10 və 11-ci siniflərdə təhsilin ödənişli olması üçün, çox güman ki, tam orta təhsil müəssisələri publik hüquqi şəxs statusu və ya buna yaxın status almalıdır:

 

“Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında ümumi orta təhsilin (9 illik) pulsuz və icbari olduğu göstərilir. 10 və 11-ci siniflərdə təhsilin ödənişli olması üçün, çox güman ki, tam orta təhsil müəssisələri publik hüquqi şəxs statusu və ya buna yaxın status almalıdır.

 

Belə olan halda tam orta məktəblər özü özünü maliyyələşdirməli və hətta öz qaydalarını müvafiq qanunvericiliyə uyğun həyata keçirməlidirlər.Bu kimi mərhələlərdən sonra 10 və 11-ci siniflərdə təhsilin ödənişli olması həyata keçirilə bilər. Bu proses asan məsələ deyil, buna vaxt lazımdır.

 

Bunun əslində tərəfdarıyam. Düşünsək ki, ali məktəblərə qəbul repetitorların ümidinədir, bu halda repetitorluğu genişləndirməli, leqallaşdırmalıyıq. Hətta dövlət səviyyəsində. Çünki uğur qazanmaq hazırda bu şəkildə daha realdır”.

 

Ekspert şagirdlərə məktəb seçimində müstəqilliyin verilməsini vurğulayıb:

 

“Məhz 10 və 11-ci siniflərin ixtisas qrupları üzrə komplektləşdirilməsi və ödənişli olmasının nəyi pisdir ki? Onsuz da valideyn repetitorlara bu pulu verir. Amma burada şagirdlərə məktəb seçimində müstəqillik verilməlidir. Şagird oxuduğu məktəbi və ya hansısa fənni seçməyə bilər. Müstəqillik şəraitində iş reallaşmalıdır. Bu daha effektivdir. İndiki halda onsuz da orta məktəblərdə 10 və 11-ci siniflər üzrə təhsil elə də effektiv deyil. Hətta vəziyyət elə yerdədir ki, abituriyentlər indiki halda 10 və 11-ci siniflərə getməmək üçün müxtəlif “variantlar” düşünürlər. Amma burada digər bir seçim azadlığı da olmalıdır: pulsuz 10 və 11-ci sinifləri davam etdirmək.

 

Yəni, proses kütləvi şəkildə, bütün məktəblərdə reallaşmamalıdır. Bu, hardasa ödənişli Bakı-Quba yoluna bənzəyəcək. Qubaya getmək üçün ödənişsiz yol da var, o yoldan da istifadə edilir.

 

Nəzərə alsaq ki, hazırda 9-11-ci siniflərdə 350-400 min nəfər şagird təhsil alır, həmin şagirdlərin ödənişli təhsilə cəlb olunması dövlətin bu istiqamətdəki xərclərin qarşısını ala bilər. Bu, həm də orta məktəblər arasında rəqabətli və keyfiyyətli təhsil mühiti yaradacaq. Aşağı siniflərdə təhsil keyfiyyətli olmalıdır ki, həmin məktəbin və eləcə də digər məktəbin şagirdləri nəticəsi yaxşı olan məktəbi seçsin”, - deyə ekspert bildirib.