Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 11:15:00
Rusiya türkmənistanlılar üçün təhsil yerlərini artırır

Türkmənistanın Təhsil Nazirliyi Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə bu il orta ixtisas və ali təhsil müəssisələrində dövlət büdcəsindən maliyyələşdirilən yerlərin kvotasını 500-ə çatdırmaq təklifi ilə müraciət edib.

AzEdu.az xəbər verir ki, Rusiyanın Türkmənistandakı səfirliyinin katibi Yuli Zaytsev bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn tədris ilində Türkmənistan vətəndaşları üçün orta ixtisas və ali təhsil müəssisələrində dövlət büdcəsindən maliyyələşdirilən 250 yerlik kvota ayrıldığına baxmayaraq müraciət edənlərin sayı artıq 2 mini keçib. Qəbul şərtlərinə əsasən abituriyentlər distant formatda test imtahanı verməli və müsahibədən keçməlidirlər.  Onların imtahandan əldə etdikləri nəticələrə əsasən, reytinq cədvəli formalaşdırılacaq və yüksək bal toplayanlar  Rusiya universitetlərinə qəbul olunacaqlar.

“Rusiyada təhsil almaq üçün müraciət edənlərin çox olmasını nəzərə alaraq, Rossotrudniçestvo və Türkmənistanın müvafiq qurumları Rusiyaya göndəriləcək tələbələr üçün kvotanın 500-ə qədər artırılmasını xahiş ediblər. Türkmənistanın Təhsil Nazirliyi də eyni təkliflə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə müraciət edib”, - deyə o, məlumat verib.

Kvotalar Türkmənistan vətəndaşlarının Rusiya Federasiyasında orta ixtisas, ali təhsil və əlavə peşə təhsili proqramlarında təhsil almaları üçün nəzərdə tutulur. Tibbi və yaradıcı sahələr üzrə təhsilə  xüsusi diqqət yetirilir. Bu il ilk dəfə olaraq Rusiya Nəqliyyat Nazirliyinin xətti ilə də Türkmənistan üçün yeni ixtisas sahələri əlavə edilib.