Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 16:32:00
Qadın müəllimlərin sayına görə dünyada birinci yerə çıxmışıq - SƏBƏBLƏR

Hazırda təhsil müəssisələrinin kadr tərkibinə ümumi nəzər saldıqda görürük ki, məktəblərdə qadın müəllimlərin sayı kişi müəllimlərlə müqayisədə üstünlük təşkil edir. Bundan əlavə, müəllimlərin işə qəbul üçün müraciətində də yenə kişi müəllimlərin say etibarı ilə olduqca azlıq təşkil etdiyini müşahidə edirik.

Bəs ümumtəhsil müəssisələrində kişi müəllimlərin sayının az olması nə ilə əlaqədardır? Onların bu sektorda fəaliyyətinin azalması təhsil prosesinə hansı formada təsir göstərir?

 

AzEdu.az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov sözügedən məsələ ilə bağlı sualları cavablandırıb.  

 

O deyib ki, 2021-ci ildəki statistikaya görə Azərbaycanın ümumtəhsil sektorunda işləyənlərin 83%-i qadın müəllimlərdir.

"Bu onu göstərir ki, qadın müəllimlərin sayına görə dünyada birinci yerə çıxmışıq. Azərbaycanda qadın müəllimlərinin sayının artması tendensiya halını alıb. Bunu biz pedaqoji sahədə təhsil alan tələbələrin sayında, hər il müəllimlərin işə qəbulu üzrə müraciətlərdə də görürük. Hazırda işləyən kadrların tərkibinə nəzər saldıqda qadınların kişiləri xeyli geridə qoyduğunu vurğulaya bilərik. Təkcə Bakı şəhəri üzrə məktəblərdə qadınların sayı 90-95% civarındadır. Kişi müəllimlərin sayı 7%-dən çox deyil". 

 
Ekspert deyib ki, bunun əsas səbəblərdən biri müəllimlərin əməkhaqqının aşağı olmasıdır:

"Əməkhaqqının aşağı olması cəmiyyətimizdə ailə başçısı olaraq kişilər üçün böyük bir problemdir.

Bu gün ölkədə, şəhər və qəsəbələrdə marketlərdə işləyən satıcı 450-500 manat civarında əməkhaqqı alırsa, biz onda kişiləri necə müəllimliyə gətirə bilərik? 

Düşünürəm ki, qadınların təhsil sistemində sürətlə qabağa getməsi, saylarının kişilərlə müqayisədə üstünlük təşkil etməsi təhsil sistemində təlim-tərbiyə məsələlərində ciddi boşluqlara gətirib çıxarır. Nəzərə alaq ki, biz Şərq millətiyik və Şərq cəmiyyətində ailənin başçısı ata hesab olunur. Patriarxat münasibətlər hələ də ailə münasibətlərində, tərbiyə sistemində xüsusi çəkiyə malikdir. 

Bu gün məktəb özü də təlim-tərbiyə mərkəzi sayılır. Hazırda məktəblərdə qadın müəllimlərin sayının artması və kişi müəllimlərin sayının az olması təhsilalanların tərbiyə sisteminə ciddi təsir göstərir. Əlavə olaraq nəzərə alsaq ki, ölkəmizdə tərbiyə konsepsiyası yoxdur, ümumtəhsil müəssisələrində tərbiyə sistemi demək olar ki, sıradan çıxıb, bu halda məktəblərdə kişi müəllimlərin sayının artırılmasının zəruriliyi özünü göstərir.
 

Bütün yük qadınların üzərinə qoyulub. Hesab edirəm ki, cəmiyyətdə bu məsuliyyət qadınlar və kişilər arasında bərabər paylanmalıdır". 


Bəs kişi müəllimləri məktəblərə cəlb etmək üçün nə etməli?

E.Qafarovun fikrincə, ilk növbədə ölkədə tərbiyə konsepsiyası təsdiq olunmalıdır.

"Təhsildə təlim-tərbiyənin vacibliyi, rolu müəyyənləşdirilməlidir.

İkincisi, müəllimlərin əməkhaqqı indikindən iki dəfə çox artırılmalıdır. Müəllimlik ixtisasına yiyələnən insan ailəsinin bütün zəruri istehlak xərclərini ödəməyi bacarmalıdır".