Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 16:11:00
Ali məktəblərdə dərslik problemi: UNEC-də vəziyyət necədir... - ARAŞDIRMA

Orta məktəblərdə dərsliklərin hazırlanmasından tutmuş şagirdlərə çatdırılmasına qədər müxtəlif problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumların ictimaiyyət nümayəndələri ilə mütəmadi müzakirələr aparması barədə məlumatlarımız var.  


Bəs ali məktəblərdə necə?..

Bu sahədə mövcud olan problemlər və nailiyyətlər haqqında silsilə yazılarla çıxış etmək niyyətimiz barədə dəyərli oxucularımızın məlumatı var. İlk tədqiqatımız Bakı Dövlət Universitetinə həsr olunmuşdu. Bakı Dövlət Universitetində dərsliklərin hazırlanması və tələbələrə çatdırılması istiqamətində gedən yazıya göstərdiyiniz maraq bizi bu işi davam etdirməyə ruhlandırdı. 

AzEdu.az təhsil portalının dərslik məsələsi ilə bağlı budəfəki tədqiqat obyekti ali məktəblər arasında özünəməxsus yer tutan Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC). Bu universitetin təhsil sahəsində tətbiq olunan yeniliklərin önündə getdiyi  hamıya yaxşı məlumdur. Bəs UNEC-də dərsliklərlə bağlı vəziyyət nə yerdədir? Hansı yenilikləri nümunə göstərə bilərik?

Hörmətli tələbə, magistrant, doktorant, müəllim, professor, ən əsası ziyalı olan oxucularımız! Bu elə Sizin də probleminizdir. Gəlin birlikdə düşünək və tələbə, magistrant, doktorant statusu daşıyan övladlarımızın, bacı və qardaşlarımızın daha məzmunlu dərslik və dərs vəsaiti ilə təchiz olunmasına birlikdə töhfə verək. Müzakirəyə qatılmağınız, fikirlərinizi bölməyiniz bizə dəstək verməyinizə bərabərdir.


UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova qeyd etdiyimiz mövzuya dair bunları bildirib:


"Azərbaycan Dövlət İqtisad Universitetində Kitabxana-informasiya mərkəzi fəaliyyət göstəririr. UNEC-in bütün tədris binalarında tələbə, magistrant və tədqiqatçılar kitabxananın xidmətindən iş vaxtı bitənə qədr istifadə edə bilərlər. Tələbələr eyni zamanda kitabları evə götürmək, onların surətini çıxarmaq imkanına malikdirlər. Elmi ədəbiyyat 4 dildə təqdim olunur – Azərbaycan, türk, rus, ingilis dillərində. Çünki tədris bu dillərdə aparılır. Universitetin professor-müəllim heyəti, dərslik və dərs vəsaiti hazırlamaq işində də geniş imkanlara malikdir. Onların hazırladıqları vəsaiti xüsusi yaradılmış komissiyaya təqdim edilir və ekspertizadan keçəndən sonra nəşrinə icazə verilir. Dərslik və dərs vəsaitlərinin tələb olunan standartlara cavab verilməsi diqqət mərkəzində saxlanılır.

 

Eyni zamanda, universitetin abunə olduğu beynəlxalq bazalardan tələbələrin ingilis, türk, rus dillərində resurslardan istifadə etmək imkanı da mövcuddur. 

 

Kitabxanada 2022-ci ilin yekununa əsasən 85250 nüsxə kitab var. Fondun tərkibinə dərs vəsitləri, elmi jurnallar, dissertasiya və avtoreferatlar da daxildir. 

Xarici kitabların alışı da yüksək səviyyədə təşkil olunur. Bununla yanaşı, beynəlxalq məlumat bazalarına abunəliklə də tələbələr vəsaitlə təmin olunur. Əlavə olaraq qeyd edək ki, dünyanın aparıcı “Global edition”, “Springer”, “Beta”və s. kimi nəşriyyatların bir çox kitabları da tələbələr üçün təmin olunur". 

Bizim əsas məqsədimiz dərslik və dərs vəsaiti ilə bağlı problemlərin mövcud olub-olmamasına dair unuiversitetin tələbələri ilə də müzakirə aparmaq idi.

AzEdu.az-ın həmsöhbət olduğu UNEC tələbələri mövcud şəraitdən razılıq etməklə yanaşı, problemləri də sadaladılar.

Onların dediyinə görə, elektron dərs vəsiti və tədris materiallarının bazaya yüklənməsində bəzən gecikmələır baş verir. Bu da onların materialı gec əldə etməsi və imtahanlara vaxtında hazırlaşmamalarına səbəb olur. Bəzən dərs materiallarının bazaya yerləşdirilməsi imtahan gününə qədər gecikdirilir, bir sıra dərs materialları var ki, onların PDF variantı olmur və yaxud göndərilmir. İmtahanda istifadə olunan sualların bir qismi tələbələrdə olan dərs vəsaitindən deyil, fərqli materialdan salınır. Bu da imtahan zamanı tələbəni çətin vəziyyətə sala bilir.  

 

Təbii ki, bu nöqsanlar barədə universitet rəhbərliyini məlumatlandıracağıq və ya onlar hazırladığımız materialda bu çatışmazlıqlardan xəbər tutacaqlar. Biz isə ümid edirik ki, tələbələrimizin dərslik, dərs vəsaiti, oxu materialları ilə təchiz olunmasında mövcud olan bu nöqsanlar qısa müddətdə aradan qaldırılacaq.

 

Hörmətli oxucular bu yazımızda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərslik, dərs vəsaiti və elmi ədəbiyyatın nəşr olunması və tələbələrin bu materiallarla təchiz olunması ilə bağlı tədqiqat apardıq. Silsilə yazımız davam edəcəkdir. Siz də universitetlərinizdə yaşadığınız dərslik problemini işıqlandırmağımızı istəyirsinizsə, bizə qoşulun.