Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 13:41:00
“Bu sistem tətbiq edilsə, müəllimlərin vakant yerləri gizlədilə bilməz” -MARAQLI TƏKLİF

 

 

“Vakansiyaların gizlədilməsi kənd və rayon məktəblərində daha çox baş verir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti, mektebgusesi.az saytının baş redaktoru  Məzahir Məmmədli deyib.

 

Belə ki, MİQ müsabiqəsi başa çatsa da, onunla bağlı müzakirələr hələ də davam edir. Bir çox müəllimlər vakant yerlərin gizlədildiyini iddia edir. Təhsil naziri Emin Əmrullayev də məsələnin həqiqət olduğunu vurğulayıb.

 

M.Məmmədli problemin yaranmasının səbəblərini izah edib:

 

“Vakant yerlərin gizlədilməsində Təhsil Nazirliyinin yerlərdəki nümayəndələrinin təsiri böyükdür. Bir zamanlar yerli təhsil şöbələri  Təhsil Nazirliyinə birbaşa tabe idi. Hazırda yaradılan regional idarələr rayon icra hakimiyyəti orqanları ilə razılaşmış şəkildə  fəaliyyət göstərirlər. Onlar nazirliyə hesabat vermir və yerli məktəblərdən olan vakansiyaları öz təhsil müəssisəsindən olan müəllimlərə verirlər. Yerli icra hakimiyyəti  orqanları müəllimlərlə əmək müqaviləsi bağlayaraq onların iş ilini artıra bilərlər. Bu da vakant yerlərin direktorlar tərəfindən həmin şəxslərə verilməsinə zəmin yaradır.

 

Vakansiyaların gizlədilməsi kənd və rayon məktəblərində daha çox baş verir. Çox təəssüf ki, bu, kütləvi hal alıb. Lakin bu tip hadisələr şəhər məktəblərindən də yan keçmir. Bunun üçün mərkəzləşdirilmiş sistem yaradılmalıdır. Bu baş verməyənə qədər  proses davam edəcək. Bunu formalaşdırmaq üçün  İnsan Resursları Mərkəzi  yaş kateqoriyalarına görə  məktəblərdən vaxtaşırı kadr bankını tələb etməlidir. Burada  hansı yaş kateqoriyasından olan müəllimlərin olduğu asanlıqla bilinəcək. Eyni zamanda  müəllimin yaşı 65-i ötübsə,  icra orqanının bunu artırmaqla bağlı qərarı yoxdursa,  bu yer vakant kimi təklif edilməlidir. Həmin hallar mərkəzləşdirilmiş sistem yaradılmayana qədər davam edəcək. Tsəssüf ki, bu kimi sistem hələ ki, yoxdur. Biz bunu müşahidə etmirik, ola bilsin ki, Təhsil Nazirliyinin bununla bağlı hər hansısa sistemi olsun. Amma ümumilikdə bu iş üzə çıxmır. Hətta nazir səviyyəsində də etiraf olundu ki,  vakant yerlər gizlədilir. Bunun qarşısını almanın yeganə yolu  kadr bankının formalaşmasıdır. Keçmiş  zamanlarda rayon və Bakı şəhərində  müəllimlər ardıcıl olaraq məlumatlarını qeyd edirdilər. Nazirlik də buna uyğun həmin informasiyaları gözdən keçirir və müəllimlər haqqında məlumatlı olurdu. Baxmayaraq ki, bu nümunə keçmişdə olub, amma indi də tətbiq olunsa, effektiv nəticə əldə etmək olar.

 

Məsələn, MİQ-dən 56 bal toplayan müəllim  heç bir yerə qəbul oluna bilmir. Əgər həmin sistem yenidən tətbiq olunsa, müəllimlərin növbəlilik prisnsipi əsas götürülərək  kənarda qalan kadrlar da  işlə təmin edilə biləcək. Müəllimlər qəbul olunmaq üçün bir il də əlavə vaxt gözləməməlidir. O sistem qurulduqdan sonra gizlədilməyə yer qalmayacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları