Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 10:51:09
Yerdəyişmədə mənfi cavab alan müəllimlər nədən narazıdırlar? – “Səbəblər niyə göstərilmir?!”

Müəllimlərin yerdəyişməsinin nəticələri artıq məlumdur. Burada DQ balı və sosial səbəblərin nəzərə alındığı da aydındır. Amma yerdəyişmədən müsbət cavab ala bilməyən müəllimlər imtina səbəblərinin göstərilməməsindən narazıdırlar. Belə müəllimlərdən  biri də Aysel Səfərzadədir.

O, AzEdu.az-a açıqlamasında yerdəyişmə zamanı qeyd etdiyi, amma nəzərə alınmayan səbəbləri sadalayıb:

“Müraciət üçün xüsusi səbəblərim vardı. Əvvəla, yaşadığım rayonun hava şəraiti sağlamlığım üçün (revmatizma) əlverişli deyil. Müəyyən səbəblərdən xəstəlik kağızı ala bilməsəm də,  müalicə alıram. Şəxsi inkişafım üçün də bu yerdəyişməyə çox ehtiyacım var. Konfranslarda, təlimlərdə və s. iştirak etmək üçün hər dəfə problemlərlə qarşılaşıram. Psixologiyama mənfi təsir edəcək bir sıra problemlər yaşamışam”.

O, müəllimlərin yerdəyişməsi, DQ və MİQ imtahanları ilə bağlı müəyyən narazılıqlarını dilə gətirib:

“Yerdəyişmənin nəticələri açıqlandıqdan sonra narazılıqlar oldu. Tək narazılığım isə odur ki, kəsilmə səbəbim və həmin yerə qəbul olan şəxsin balı və ya səbəbi göstərilmir. DQ  və MİQ imtahanında da çatışmazlıqlar  var. Sonradan nəticələrin izahı şəxsi səhifəyə gəlmir ki, səhvlərimizi bilək. Testdə səhv olduğuna əmin idim. Amma müraciət etsəm də,  nəticə olmadı”.

Təlimçi-müəllim Günel Əliyevanın fikrincə də müəllimin yerdəyişmədən mənfi cavab almasının səbəbləri göstərilməlidir:

“Amma bir məsələ var: Mən özüm də yerdəyişmə edərək, DQ balı ilə qəbul olunmuşam. Ağsuda işləyirdim, Diaqnostik Qiymətləndirmədə 50 bal topladım. Səbəb kimi isə yaşayış yerimin fərqli olmasını göstərmişdim. Mən 40 bal toplasaydım, hansı səbəbi göstərməyimdən asılı olmayaraq, yerdəyişməmə müsbət cavab almayacaqdım. Həmin məktəbə 48 bal toplayanlar qəbul ola bilməmişdi. Yəni, burada bal məsələsi var.

Bəli, mən də elə düşünürəm ki, səbəb yazılsa, daha yaxşı olar.  Kimin hara qəbul olunması məktəblər üzrə yazılır, amma səbəb yox. Müəllim tam aydın şəkildə əmin olmalıdır ki, səbəb nədir və mən niyə qəbul olunmamışam. Eyni zamanda da əmin olar ki, həmin yerə başqa bir müəllimi qəbul edərkən hansı səbəbi əsas götürüblər. Amma aşağı  bal toplayan nəzərə almalıdır ki, ondan yüksək nəticə göstərənlər də var.  İşə qəbul imtahanında həmin məktəbə qəbul olunanların neçə bal toplaması və adları yazılır. Siyahıda bunu görmək mümkündür. Müəllimlərin işə qəbul imtahanında rəqabət diaqnostik qiymətləndirmədən çox olur. Çünki bunun üçün hazırlığa gedən müəllimlər də çox olur”.

Yerdəyişmə zamanı əsas amilin DQ balı olduğunu deyən Günel Əliyeva burada xeyli şəffaf məqamların olduğunu vurğulayıb:

“Yerdəyişmədə əsas nəzərə alınan amil baldır. Ondan sonra  ikinci dərəcəli amil kimi səbəblər nəzərə alınır.necə ki, ali məktəblərə qəbul imtahanında da belədir. Eyni bal toplayanlar olarsa, həmin qrup üzrə əsas hesab edilən fənnin balı, nəticə balı nəzərə alınır. Yəni, nə qədər səbəb qeyd etsəm də, mən aşağı balla uyğun olmayan yerə yerdəyişmə edə bilmərəm.

Yerdəyişmədə qəbul olunanın səbəbi, balı göstərilməsə də, məncə bu gizli qalan bir şey deyil. Onsuz da həmin müəllim bunu araşdırıb öyrənə bilər, hazırda şəffaf məqamlar çoxdur. Məsələn, artıq vakant yerləri də Təhil Nazirliyi özü seçir. İndiki dövrdə gizli qalan məqam çox azdır, demək olar ki, yoxdur. Həmin yerə başqa müəllim yerdəyişmə edibsə, ona heç kim heç nə deyə bilməz. Çünki o, şəffaf şəkildə, imtahanla qəbul olunub”.

Digər müəllim Leyla Zeynallı isə DQ balı və qeyd etdiyi səbəblərə uyğun olaraq iş yerini dəyişə bilib:

“Səbəb balın artmasına təsir edir. Amma yenə ən yüksək bal yığanlar qazanırlar. Məncə, kifayət qədər şəffafıq olub. 51 bal yığan şəhid övladına güzəşt edilib balı 56-a qaldırılır.  Amma 57bal toplayan varsa, vakansiyanı o qazanır. Mənim müsbət cavab almağıma səbəb isə DQ balım oldu”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları