"Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfrans çərçivəsində ailə, qadın və uşaq məsələləri üzrə tematik istiqamətlərdə panel müzakirəsi təşkil olunub.
AzEdu.az xəbər verir ki, müzakirələrdə Milli Məclisin deputatı Mübariz Qurbanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, ADA Universitetinin Təhsil fakultəsinin dekanı Ülviyyə Mikayılova, beyin inkişafı üzrə mütəxəssis, neyropsixoloq Aytəkin Aslan, Strateji Kommunikasiyalar Mərkəzinin nümayəndəsi Humay Axundzadə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və Tədqiqat sektorunun müdiri Esmira Qasımova çıxış ediblər.
T.İbrahimova çıxışında bildirib ki, dövlət həssas qruplara yalnız "həssas yanaşma" ilə kifayətlənməməlidir:
"Xüsusi müdafiə, reabilitasiya, reinteqrasiya və erkən aşkarlanma mexanizmləri sistemli şəkildə qurulmalıdır. İnklüzivləşmə üçün ayrıca və dayanıqlı büdcə formalaşdırılması vacibdir. Uşaq hüquqlarının strateji müdafiəsinə xüsusi önəm verilməli, bu sahə ölkənin sosial-iqtisadi inkişafı baxımından kritik risk faktoru kimi qiymətləndirilməlidir. Hüquqi normaların gündəlik həyat davranışlarına çevrilməsi isə əsas hədəflərdən biri olmalıdır".
Ü.Mikayılova isə çıxışında dünya təcrübəsinə diqqət çəkib:
"Yüksək sosial-iqtisadi göstəricilərə malik valideynlərin uşaqları tədqiqatlarda, adətən, daha yaxşı nəticələr göstərir. Aztəminatlı və həssas qruplara aid ailələrin uşaqları isə məktəblərdə nisbətən daha aşağı nəticələr əldə edirlər. Dünya üzrə bəzi nümunələr göstərir ki, bu fərqləri minimuma endirmək mümkündür. Məsələn, Estoniya, Vyetnam və Çin kimi təhsil sistemlərində sosial mənşədən qaynaqlanan maneələrin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub və bütün dünya hazırda bu modelləri nümunə götürür".
A.Aslan uşaqların psixi sağlamlığı məsələsindən danışıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünya üzrə hər yeddi uşaqdan biri psixoloji problem yaşamaqdadır:
"Ailələrdə sağlam ünsiyyətin getdikcə azalması müşahidə olunur. Bu isə nüvə ailələrdə münasibətlərin qeyri-sabitliyinə gətirib çıxarır. Belə mühitdə böyüyən uşaqların psixoloji sağlamlığı ciddi təsirə məruz qalır. Neyropsixoloji tədqiqatlar göstərir ki, emosional ehtiyacları qarşılanmayan uşaqlarda özünəqapanma, diqqət pozğunluğu və aqressiv davranışlar daha çox müşahidə olunur. Əksinə, emosional ehtiyacları dəstəklənən uşaqlar stresslə daha yaxşı mübarizə aparır və özlərini daha rahat ifadə edə bilirlər. Son illərdə uşaqlarda ciddi davranış pozğunluqlarının olduğu görülür. Bunun da əsas səbəbi texnologiyalar və ailədaxili problemlərdir".
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı isə çıxışında qeyd edib ki, uşaq siyasəti yalnız uşağın qorunması deyil, onun gələcək insan kapitalı kimi yetişdirilməsini nəzərdə tutmalıdır:
"Erkən uşaqlıq inkişafı, psixoloji sağlamlıq, keyfiyyətli təhsil birlikdə gələcək əmək bazarının keyfiyyətini müəyyən edir.
Azərbaycanın "Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya"sı uşaqların müdafiəsi, erkən uşaqlıq dövründə inkişafına dövlət dəstəyi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, sağlam mühitdə böyümə və uşaq siyasəti üzrə monitorinq-qiymətləndirmə sisteminin inkişafını əsas istiqamətlər kimi müəyyən edir".
Panel sessiyası müzakirələrlə davam edib.