Azedu.az

Edinburq Universitetinə qəbul alan gənc: “Bu ixtisası seçməyimə təəccübləndilər”

Uğur hekayələri

15 Aprel 2026, 10:07
Edinburq Universitetinə qəbul alan gənc: “Bu ixtisası seçməyimə təəccübləndilər”

Ötən günlərdə Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseynin 11-ci sinif şagirdi Fatimə Allahverdiyeva Böyük Britaniyanın Edinburq Universitetinin asrtofizika ixtisasına qəbul olub.

AzEdu.az bu münasibətlə Fatimə ilə həmsöhbət olub. 

O bildirib ki, astrofizika oxumaq istədiyini deyəndə insanlar buna bəzən təəccüblə yanaşır və daha fərqli ixtisaslar tövsiyə edirlər.

Abituriyent qeyd edib ki, qəbul aldığı universitetə hələlik təqaüdlə qəbul olunmayıb, lakin yaxın zamanda dövlət proqramına müraciət etməyi planlaşdırır:

“Universitetə qəbul üçün xarici imtahanlar vermişəm. SAT imtahanından 1350, IELTS imtahanından isə 7.5 bal toplamışam. Xarici universitetlərə müraciət prosesində bu göstəricilər mühüm rol oynayır. Bununla yanaşı, müxtəlif könüllülük proqramlarında iştirak etmiş, yay məktəblərinə qatılmış və əlavə kurslar keçmişəm.

Müraciətlərimi əsasən Böyük Britaniya və Çin universitetlərinə etmişəm. Hələ də bəzi universitetlərdən cavab gözləyirəm. Müraciət etdiyim ali təhsil ocaqları arasında Edinburq Universiteti və Çində yerləşən Nottingham Universiteti də var idi. Artıq Edinburq Universitetindən qəbul almışam. Yekun qərarımı isə bütün nəticələr bəlli olduqdan sonra verəcəyəm.

Təxminən bir ay müddətində Çində keçirilən proqramda iştirak etmişəm. Bu proqram 2-3 mübadilə layihəsindən ibarət idi və əsas məqsəd müxtəlif mədəniyyətləri tanımaq, həmçinin öz ölkəmizi təmsil etmək idi. Proqram çərçivəsində STEM sahələri üzrə müxtəlif dərslər də keçilmişdi.

Ümumilikdə, xaricdə təhsil almaq istəyi məndə uzun müddətdir mövcuddur. Həm keyfiyyətli təhsil almaq, həm də fərqli mədəniyyətləri tanımaq mənim üçün vacibdir. Keçən il Çinə səfər etdikdən sonra bu qərarı qəti şəkildə verdim”.

Onun sözlərinə görə, fizika və kainatla bağlı mövzular hər zaman diqqətini çəkib:

“Xüsusilə kainatın quruluşu və müxtəlif hadisələrin səbəbləri məni maraqlandırır. Bu səbəbdən astrofizika ixtisasını seçmişəm. Bəzi universitetlərə aerokosmik mühəndislik üzrə də müraciət etmişəm.

Gələcək planlarımda magistr təhsilimi Amerikada davam etdirmək var. Daha sonra isə Azərbaycana qayıtmaq istəyirəm. Çünki düşünürəm ki, bu sahə ölkəmizdə hələ kifayət qədər inkişaf etməyib. Məqsədlərimdən biri də astrofizika sahəsini Azərbaycanda daha geniş tanıtmaqdır.

Özüm də bununla qarşılaşmışam ki, bu ixtisası seçdiyimi deyəndə insanlar təəccüblənir və başqa sahələr tövsiyə edirlər. Halbuki bu sahəyə maraq göstərən çoxlu gənc var”.

Xaricdə təhsil almağın çətin tərəfləri olsa da, bu, inkişaf üçün vacib addımdır:

“Təbii ki, ailədən uzaqda qalmaq çətin olacaq. Xaricdə təhsil alan tələbələrlə danışarkən onların da müxtəlif çətinliklərlə üzləşdiyini görmüşəm. Amma daha yaxşı nəticələr əldə etmək üçün bu çətinlikləri qəbul etmək lazımdır. Çünki insan rahat olduğu mühitdə çox da inkişaf edə bilmir. İnkişaf üçün komfort zonadan çıxmaq vacibdir.

Özümü inkişaf etdirmək üçün daim çalışıram. Həm yerli dostlarımla, həm də xaricdə tanış olduğum insanlarla tez-tez ünsiyyət qururam ki, fərqli baxış bucaqlarını daha yaxşı anlayım. Düşünürəm ki, qarşıma çıxacaq çətinliklərin öhdəsindən gələ biləcəyəm.

Bir müddət sonra anladım ki, seçdiyim sahədə inkişaf üçün xarici universitetlər daha geniş imkanlar təqdim edir. Araşdırmalarım göstərdi ki, həm təhsil səviyyəsi yüksəkdir, həm də fərqli mədəniyyətləri yerində öyrənmək tamamilə başqa təcrübədir. Bu, yalnız oxumaqla müqayisə oluna bilməz".

Qəbul xəbəri gözlənilməz olub:

“Edinburq Universitetinə müraciət edəndə qəbul olunacağımı çox da düşünmürdüm. Buna görə də daha çox digər universitetlərə fokuslanmışdım. Qəbul xəbəri gələndə əvvəlcə inanmadım. Daha sonra bunu valideynlərimlə bölüşdüm. Bu, mənim üçün gözlənilməz, amma çox sevindirici oldu”.

O, qızların xaricdə təhsili ilə bağlı mövcud yanaşmalara da toxunub:

“Bəzən qızlar daha çox geri çəkilirlər. Ailələr onları başqa ölkəyə göndərməkdən çəkinir. Amma düşünürəm ki, valideynlər bu məsələdə daha anlayışlı olmalı və qız övladlarını dəstəkləməlidir. Qızların təhsil və karyera sahəsində böyük potensialı var. Bu imkanların məhdudlaşdırılması həm onların şəxsi inkişafına, həm də cəmiyyətə mənfi təsir göstərir”.

Sonda o vurğulayıb ki, həyatda yeni şeylər sınamaq insanı inkişaf etdirir:

“Bəzən hər şey planladığımız kimi getmir və uğursuzluqlar olur. Mənim də istədiyim nəticəni ala bilmədiyim vaxtlar olub. Amma düşünürəm ki, nəticədən çox, həmin yolun özü insana daha çox şey qazandırır.

Bu müddətdə qazandığımız biliklər, təcrübələr və tanış olduğumuz insanlar bizi formalaşdırır. Buna görə də nəticə istədiyimiz kimi olmasa belə, prosesin özü çox dəyərlidir.

Sonda isə bu uğurumda zəhməti keçən bütün müəllimlərimə təşəkkür edirəm”.

TƏCİLİ! Rusiya qırıcıları İrana girdi: Nə baş verir?
Son xəbərlərDaha çox