Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümüdür.
AzEdu.az xatırladır ki, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.
1934-cü ildə, 9 yaşı olanda ailəsi Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1942–1947).
Universitetin aspiranturasında saxlanılıb, 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Həmin vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri və rəyləri müntəzəm çap olunub. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.
Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir olunub. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. 1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru kimi çalışıb. 1990-cı ildə təqaüdə çıxıb.
1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. Həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü olub (1991). Azərbaycan KP Bakı Şəhər Komitəsinə üzv olub, bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X, XI və XII çağırış Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991–1995-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının (Milli Məclisinin) üzvü olub, 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyalarının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı mübarizəsini ifadə edib. Bu poemaya görə 1962-ci ildə “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, iki ildən sonra işə bərpa olunub. Professor Şirməmməd Hüseynov isə onun işdən çıxarılmadığını, doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərildiyini bildirib. Sovet rejimində milli varlığı tapdanan xalqın dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, irihəcmli poemalarında və pyeslərində hadisələri bəzən tarixə, bəzən başqa ölkələrə keçirərək öz millətinin problemlərini qələmə alıb. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.
Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisistik kitabın, yüzlərlə məqalənin və 20-dən artıq irihəcmli poemanın müəllifi olub. Əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə olunub.
Xalqı oyatmaq məqsədilə əsərlər yazıb, şeirlərində vətən, millət, ailə, təbiət, dil və azadlıq mövzularını geniş şəkildə işıqlandırıb.
13 fevral 2009-cu ildə, 83 yaşında, uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.