XƏBƏRLƏR

09.10.2018 17:29
Dərs planı necə yazılmalıdır? – Müəllimlər və MİQ iştirakçılarının etdiyi xətalar

Ümumiyyətlə, dərsin keyfiyyətlə olması üçün müəllim gündəlik planlaşdırma aparmalıdır. İcmalın – dərs planının qurulması hazırda Müəllimlərin İşə Qəbulu imtahanlarına hazırlaşanlar üçün önəmli mövzulardan biridir.

Gündəlik dərs planı necə yazılmalıdır?

AzEdu.az dərs planının yazılma qaydasını təqdim edir:

Gündəlik dərsin planlaşdırılması mərhələləri aşağıdakılardır:

- Mövzu;
- Standart;
 -Dərsin məqsədi;
 - İnteqrasiya;
 -İş forması (qruplarla, fərdi, kollektiv və cütlər formasında iş aparıla bilər);
- İş üsulları (klaster, beyin həmləsi, BİBÖ, Ven diaqramı və s.);
- Resurslar

Dərsin metodikası tələb olunan standarta, tədris olunacaq mövzuya uyğun müəyyənləşdirilir. Bunun üçün də əvvəlcədən planlaşdırma aparılır.

Dərs planının başlanğıcında, ilkin olaraq, tarix, fənnin və dərsin tədris olunacağı sinifin adı qeyd olunmalıdır. Ondan sonra isə dərsin mövzusu, standart və dərsin məqsədi yazılmalıdır.  Dərs planında dərsin metodu, tipi və istifadə olunacaq resurslar da mütləq plana əlavə edilməlidir.

Dərsin məzmunu müəyyən qaydalara əsasən qurulur. Dərsdə reallaşacaq standarta uyğun təlim məqsədi qoyulur.

Mövzu və standart dərslik və metodik vəsaitlərə əsasən seçilir. Lakin müəllim istədiyi halda, özü də plana standart əlavə edə bilər. Dərsin məqsədi hissəsində isə bu dərs zamanı uşaqlara nəyin öyrədiləcəyi, nəticədə uşaqların nəyi mənimsəməli olduqları qeyd olunmalıdır.

Dərsin tipi 2 cür ola bilər: induktiv və deduktiv. Bu hissədə dərsin induktiv yoxsa deduktiv olub-olmaması təyin olunur. Dərs zamanı mövzu xüsusidən ümumiyə doğru izləndikdə induktiv, əskinə ümumidən xüsusiyə doğru izləndikdə isə, bu, deduktiv dərs hesab olunur.

Dərs ardıcıl olaraq mərhələlərə bölünür:hər bir mərhələ üçün zaman fasiləsi, tapşırıqlar və metodlar müəyyənləşdirilir.

Tapşırıqların seçilməsi zamanı diqqətli olmaq lazımdır: Belə ki, ayrı-ayrı mərhələlərdə istifadə olunan tapşırıqlar bir-birini tamamlamalı, hər biri tədqiqat sualının bir parçası olmalıdır, eyni zamanda qoyulmuş təlim məqsədi və təlimin məzmunu ətrafında məntiqi bir zəncir əmələ gətirməlidir. Yalnız bu zaman təlim standartı reallaşa bilər.

Tədqiqatçıları fəaliyyətə cəlb etmək üçün müəllim aşağıdakı amilləri müəyyənləşdirməlidir:

Əvvəlcə problem qoyulmalı, sual və tapşırıqlar müəyyən edilməli və iş vərəqəsi hazırlanmalıdır.

İnteqrasiya 2 formada olur: fəndaxili və fənlərarası

Əgər seçilən dərsin mövzusu köhnə dərslə əlaqələndirilirsə, bu fəndaxili inteqrasiya hesab olunur və həmin dərsin standartı qeyd olunur. Yox, əgər seçilən mövzu digər fənlərlə əlaqələndirilsə, o fənnin standartı yazılır.

Resurslar dedikdə dərs materialının hansı mənbələrə əsaslandığı nəzərdə tutulur. Mənbələr dərs planının resurslar hissəsində yazılmalıdır. Bu müəyyən sənədlər, foto və video materiallar, elektron dərsliklər, internet saytı və s. ola bilər.

Qeyd edək ki, dərsin gündəlik planlaşdırılması həm dəftərdə, həm də elektron versiyada yazıla bilər. Lakin icmalı yazmazdan əvvəl mütləq şəkildə məktəb rəhbərliyi ilə dəqiqləşdirmə aparmaq lazımdır. Hər il yeni tədris ilində yeni icmallar nəşr olunur.