XƏBƏRLƏR

02.12.2019 13:19
Çində  pulsuz oxumaq istəyənlər üçün əla şans – Müraciət qaydaları, şərtlər, üstünlüklər

Məlum olduğu kimi Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

AzEdu.az  təqaüd proqramı haqqında ətraflı məlumatları təqdim edir:

Ümumi məlumat və müraciət qaydaları

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır. İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə, təhsil almaq istədiyiniz ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərlə bağlı (yalnız *-la işarələnmiş ixtisaslar) http://www.campuschina.org/ internet səhifəsindən müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-6 il, magistratura səviyyəsi üzrə 2-4 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Təqaüd proqramına sənəd qəbulu  23 dekabr 2019-cu il tarixinə kimi aparılacaq.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli - https://www.app.htp.edu.az/  və elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;

Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcək;

Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqi mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur;

Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaq;

Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;

Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;

Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları ÇXR tərəfinə təqdim ediləcək;

Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün ÇXR tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcək;

*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd Çin tərəfindən aşağıdakı xərcləri əhatə edir:

Ali məktəbdə qeydiyyat xərci;

Təhsil haqqı;

Laboratoriya xərci;

Təcrübə (“internship”) xərci;

Tədris materialları;

Yataqxana xərci;

Aylıq yaşayış xərci.

Təqaüd Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun olaraq aşağıdakı kimi hesablanıb:

Bakalavriat tələbələri üçün: 59200- 66200 Yuan arası;

Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası;

Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası.

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar

Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);

İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;

Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar;

2020/2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az olmamalıdır;

DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;

Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;

Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır;

İngilis dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla), magistratura və doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla)) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;

Çin dilində tədris olunan proqramlara müraciət edən namizədlərin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı HSK və ya İELTS (5.0-hər bir alt kateqoriya 5.0-dən aşağı olmamaqla) təqdim etməlidir;

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcək;

  1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;

Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.

Tələb olunan sənədlər

Bakalavriat səviyyəsi üçün müraciət edən namizədlər ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud olmadığı halda təhsil aldığınız məktəb tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;

Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər (ingilis dilində);

Ali təhsil haqqında sənədinin (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün) və diploma əlavənin ingilis və Azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə) dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;

Qeyd: Namizəd bakalaviatr və ya magistrura diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti.

Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə qısa xülasə (“Microsoft Word” formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır;

Bakalavriat səviyyəsi üçün - minimum 500 söz,

Magistratura və doktorantura səviyyələri üçün - minimum 800 söz.

Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı elektron materiallar, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu elektron materiallar;

Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

İELTS, TOEFL, HSK (mövcud olduğu halda) sertifikatı və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini ingilis dilində tamamladığına dair arayış;

CV və ya tərcümeyi-hal (ingilis dilində);

Ümumvətəndaş pasportunun surəti.

Tövsiyə məktubları (2 ədəd ingilis dilində)

 Sağlamlıq haqqında ərizə formasını keçiddən əldə edə bilərsiniz.

18 yaşı tamam olmamış ərizəçilər Çindən qəyyumluq haqqında sənəd, valideynlərinin onların xaricdə təhsil almalarına razılığına dair notariat qaydada ingilis dilinə tərcümə-təsdiq edilmiş müvafiq sənəd təqdim etməlidirlər.

Qeyd. Çin hökumətinin 2020/21-ci tədris ili üçün təqaüd proqramının şərtlərinə əsasən bakalavriat səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd qəbulu dövründə 25-dən aşağı, magistratura üçün 35-dən aşağı, doktorantura üçün isə 40-dan aşağı olmalıdır.

Qeyd. Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu