Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 17:24:07
Direktorluğa namizəddən həmkarlarına tövsiyə - Dünyagörüşlü olsunlar

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb. İmtahanda ən azı 24 sualı cavablayan namizədlər üçün dekabrın 5-də müsahibə mərhələsi baş tutacaq. Bu mərhələdə 700-dən artıq namizədin iştirakı gözlənilir.

AzEdu.az namizədlərin müsahibəyə psixoloji və praktiki hazırlığı məqsədilə əvvəlki illərdə bu mərhələdə iştirak edən Sədaqət Şükürovanın rəy və tövsiyələrini öyrənib. Kəlbəcər rayon 30 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Sədaqət Şükürova 2 dəfə müsahibə mərhələsində iştirak edib.

“Bütün günahları özümdə görürəm...”

O, əvvəlki illərdə müsahibə mərhələsində uğursuz olmasının səbəblərini  izah edib. Bildirib ki, keçənilki müsahibə ilə bağlı təəssüratları çox yaxşıdır və bu uğursuzluğun səbəbini yalnız özündə görür:

“Müsahibədə suallar tam əhatəli verilir. Gərək özünü itirməyəsən. Təbii ki, müsabiqə insanda stress yaradır, insan bildiklərini də unudur və onları şifahi şəkildə lakonik izah edə bilmir. Mən keçən il müsahibədən bəzi çatışmazlıqlarıma görə keçə bilmədim. Bütün günahları özümdə görürəm. Bəlkə də mövzudan kənara çıxır, artıq fikirlər söyləyirdim. Bu səbəbdən uğur qazana bilmədim.

Müsahibədə heç bir haqsız, təhsildənkənar suallar vermirlər. Təhsil və dünyagörüşünü tam əhatə edən suallar verilir. Bizim potensial imkanlarımızı sınamaq işəgötürənin vəzifəsidir. Sadəcə müsabiqədə iştirak edənlər özlərini itirərək, komisiya üzvlərinin gözlədiyi cavabları vermirlər. Suallar isə tam əhatəli və düşündürücü cavab tələb edir”.

Sədaqət xanım komisiya üzlərinin müsahibədə namizədlərlə rəftarı barədə danışarkən bildirib ki, çox sadə və səmimi ortam yaradılır:

“Elə mühit yaradırlar ki, orada insan ürəyindən keçən bütün sözləri danışa bilər. Hətta məncə bu il müsahibə əvvəlki illərlə müqayisədə daha mükəmməl olacaq. Çünki artıq İnsan Resursları Mərkəzi yaradılıb. Müsahibə mərhələsində bu qurum rol oynayırsa, deməli, tam obyektiv olacaq”.

Müsahibədə bu suallara hazır olun

Müsahibə təcrübəsini digər namizədlərlə bölüşən Sədaqət xanım bu mərhələdə ona verilən, şahidi olduğu sualları açıqlayıb:

“Müsahibədə qeyri-adi hansısa sual olmur. Əksər suallar ümumtəhsil müəssisəsinin idarə olunması ilə bağlı idi:

-Hər hansı problemlə qarşəlaşsanız, bir direktor kimi hara müraciət edərsiniz?

-Bu hadisənin qarşısını almaq üçün hansı obyektiv tədbirləri görərsiniz?

-Xaricdə təhsil alan tələbələrlə bağlı hansı layihələr nəzərdə tutulub?

-Məktəbin inkişafını neçə il ərzində hansı tədbirləri görməklə sürətləndirə bilərsiniz?

-İşəgötürən işçini işdən azad edirsə, o, üzərinə hansı öhdəlikləri götürür?

Bunlardan əlavə Azərbaycan təhil sahəsində həyata keçirilən layihələr, əmək qanunvericiliyinin əsas- 69, 69, 70, 71, 74, 77-ci maddələridən suallar eşitmişəm. Məktəbin idarəolunması, təhsilalanların ölkənin ictimai həyatındakı rolunun aktivləşdirilməsi, təlimin yüksək səviyyəyə qaldırılması,  hədəf tədirlərlə bağlı sualların verilməsinin də şahidi olmuşam”.

“Kaş keçənilki müsahibədə də məndə  bu ilki özgüvənim olaydı”

Onun sözlərinə görə, müsahibədə namizədin dünyagörüşü və baxış bucağını ölçən suallar da az verilmir:

“Keçən il dünyagörüşü və idarəçilik istiqamətində öz üzərimdə çalışmamışdım. Düşünmürdüm ki, mənə belə suallar verilə bilər. Amma bu suallarla üzləşdim:

-Sinif uşaqları bir şagirdi istməsə, hansı tədbiri görərsiniz?

-Hansısa uşağın geyim almağa maddi imkanı çatmasa, idarəedici olaraq hansı tədbirlərə əl atarsınız?

-Bu gün respublikada həyata keçirilən hansı inkişafyönümlü tədbir proqramlarını bəyənirsiniz? Və ya əksinə.

-Təhsil işçilərinin qurultayı ilə bağlı hansı hədəfləri nəzərdə tutulub? Hansılar reallaşdırılıb?

Mən bu sualları gözləmədiyimə görə onlara demək olar ki, hazırlaşmamışdım. İndi isə Azərbaycan müəllimi qəzetini, edu.gov.az-da çıxan proqramları oxuyur, təhsillə bağlı hər şeydən xəbərdar olmağa çalışıram. Kaş keçənilki müsahibədə də builki özgüvənim olaydı, onlara bu cür cavab verə biləydim”.

O, builki müsahibə mərhələsində uğur qazanmaq üçün namizədlərə müəyyən töcsiyələr verib:

“Namizədlərə demək istəyirəm ki, ilk növbədə ürəkli olsumlar, öz üzərlərində çalışsınlar. Ölkənin ictimai, mədəni həyatı ilə bağlı nə varsa, maraqlansınlar, dünyagörüşlü olsunlar. Strategiyanı yaxşı bilsinlər. Təhsil qanununu, əmək məcəlləsini oxusunlar. Həmçinin sosial şəbəkələrdə təhsillə bağlı bütün prosesləri izləsinlər”.

Qeyd edək ki, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndiriləcək. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplomvə ona əlavə, xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini müsahibə komissiyasına təqdim etməlidirlər. Bu mərhələ üzrə keçid balı 3-dür.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları