Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-25 13:45:00
UNEC- də yeni prorektor təyinatı olub

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektor təyin edilib. 

 

Universitetdən AzEdu.az-a bildirilib ki, Fariz Əhmədov universitetin elmi işlər üzrə prorektoru olaraq fəaliyyət göstərəcək. 

 

Qeyd edək ki, o, 1983-cü ildə Gəncə şəhərində anadan olub. Bakalavr təhsilini 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə alıb. Daha sonra Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda İdarəetmə və təşkilatlandırma ixtisası üzrə 2003-2005-ci illərdə magistratura, 2006-2010-cu illərdə isə doktorantura təhsilini alıb. 2010-cu ildə “Azərbaycanın milli rəqabət gücü: TOWS matrisi və almaz modelli bir analizi” mövzusunda dissertasiya işini müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.

 

Sakarya Universitetində müxtəlif əmək fəaliyyəti ilə  məşğul olmuş və eyni zamanda şəhərlərin brendləşməsi ilə bağlı layihələrdə iştirak etmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı verilmişdir.

 

Əmək fəaliyyətinə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsində müəllim olaraq başlamışdır. 2010-2014-cü illərdə həmin fakültədə müəllim, baş müəllim, dosent və kafedra müdiri müavini vəzifələrində çalışmışdır. 2014-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru vəzifəsində çalışır. 2016-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin elmi şurasının sədri və UNEC universitetin Elmi Şurasının üzvüdür.

 

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) həyata keçirdiyi “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində həm elmi-pedaqoji fəaliyyətinə, həm də universitetin idarəetməsində səmərəli fəaliyyətlərinə görə “Fəxri Fərman”lara layiq görülmüşdür.

 

Dünyanın nüfuzlu elmi platformalarda (Web of Science, SCOPUS) indekslənən jurnallarda 10-dan çox elmi məqalənin, eyni zamanda digər beynəlxalq elmi jurnallarda nəşr olunmuş 30-dan çox elmi məqalənin müəllifidir. Bundan əlavə dünyanın müxtəlif ölkələrində təşkil olunmuş elmi konfranslarda 20-dən çox məruzə ilə çıxış etmişdir. Bütün dünyada tədqiqatçıları bir araya gətirən Google Scholar akademik platformasının göstəricilərinə əsasən H indeksi 10 və i-10 indeksi 10-dur. Eyni zamanda dünyanın bir çox nüfuzlu elmi konfranslarının, elmi jurnallarının elm və təşkilat komitələrinin üzvü və sədri olaraq fəaliyyət göstərir. “Strateji idarəetmə”, “Tədqiqat metodları” və “Biznesdə strateji idarəetmə” kitablarının həmmüəllifi, “Keyfiyyət İdarəetmə Sistemi”, “Qlobal İqtisadiyyatda Yeni İstiqamətlər”, “Exploring The Green Economy: Issues, Challanges and Benefits” kitabları ilə yanaşı dünyaca nüfuzlu “İqtisadi İnkişaf – Michael Todaro – Stephen Smith” kitab tərcüməsinin elmi redaktoru olmaqla yanaşı, bir tədris metodiki vəsait və 5 tədris proqramının müəllifidir. Dünya Bankı, UNDP, Erasmus+ layihələri ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, SOCAR Midstream, Paşa Holdinq şirkətləri tərəfindən dəstəklənən layihələrdə rəhbər və koordinator olaraq, çalışmışdır.

 

Ailəlidir, iki övladı var.