Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-14 10:05:00
Şura üzvü: “Valideynlər müəllimlərin nüfuzunu aşağı salır”  

Müəllim- şagird -valideyn arasında olan konfliktlər artdıqca, cəmiyyət tərəfindən müəllimlərə olan təzyiq də çoxalır. Bir çox hallarda baş verən hadisələrdə müəllimin səhvi olmasa belə, sonda günahkar qismində qələmə verilir. Bu isə müəllimlərin ictimaiyyətdə nüfuzunun aşağı düşməsinə səbəb olur. Hətta elm və təhsil naziri Emin Əmrullayev çıxışında “bəzən müəllimlər günahsız olmasına rəğmən ictimaiyyət tərəfindən bullinqə məruz qalır” , - deyə bildirmişdi.

 

Niyə görə cəmiyyət tərəfindən müəllimlərə bu qədər təzyiq göstərilir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, təəssüflər olsun ki, cəmiyyətdə müəllim nüfuzunun ən çox aşağı düşdüyü dövürdəyik:

 

“Cəmiyyətdə sanki məktəbin demokratikləşməsi anlayışı formalaşmağa başlayır. Bir çox valideyn və şagird müəllimlərin yaxşı münasibətindən sui-istifadə edir. Nəticə olaraq onlar müəllimlərə düzgün davranış sərgiləmirlər. Bəs bu nədən irəli gəlir? Düşünürəm ki, sözügedən məsələdə məktəbin heç bir günahı yoxdur. Çünki bu ailədən gələn davranışdır. Şagirdlər valideyninin müəllimə olan münasibətini sinifdə nümayiş etdirir”.

 

Həmsöhbətimiz qeyd edib ki, bu xoşagəlməz hadisələrin bəzi hallarda günahkarı həqiqətən müəllimlər olur:

 

“Cənab Nazirin qeyd etdiyi kimi, bəzən müəllimlər günahsız olmasına rəğmən ictimaiyyət tərəfindən bullinqə məruz qalırlar. Bu xoşagəlməz hadisələrin bəzi hallarda günahkarı həqiqətən müəllimlər olur. Bəzən isə hadisəni tam araşdırıb, dərinə getdikdə görürük ki, heç də məsələ mətbuatda işıqlandırılan kimi deyil. Əlbəttə şagirdlərə qarşı şiddətin tərəfdarı deyiləm. Çünki onlara bir şəxsiyyət olaraq baxılmalıdır".

 

Şura üzvi bildirib ki, müəllimlərin nüfuzunun aşağı düşməsində valideynlər böyük rol oynayır:

 

“Bəzən valideynlərin müəllimlərə qarşı qeyri-etik davranışlarının şahidi olmuşam və bu hərəkəti onlar övladlarının gözü qarşısında edirlər. O vəziyyətdə olan müəllim həmin şagirdə hansı təhsili və tərbiyəni verə bilər?  Bu məsələni valideynlər başa düşməlidirlər. Bütövlükdə günahın böyük bir qismi cəmiyyətdə və valideynlərdə olur. Bu da öz növbəsində müəllimin nüfuzunu aşağı düşməsinə səbəb olur. Hər birimiz zamanında şagird olmuşuq və ailəmizdə müəllimə qarşı olan münasibəti zamanında məktəblərə daşımışıq. Müəllimlərə olan münasibət bizim təhsil aldığımız dövrdə daha ali idi. Hesab edirəm ki, valideynlər təhsil subyektlərindən biri olaraq davranışlarını doğru şəkildə ifadə etsə əlbəttə ki, orda problem də olmaz”.

 

Son olaraq İ.Orucov söyləyib ki, valideynlər özünü məktəbin bir hissəsi kimi hiss etməlidir:

 

“Cəmiyyət bütövlükdə məktəbin, müəllimin yanında olmalıdır. İnanmıram ki, müəllimlər, söhbət əsl müəllimdən gedirsə, o şagirdə qarşı hər hansı bir xoşagəlməz rəftara yol açmaz. Uşaqlarda müəllimə etibarı, inamı və hörməti formalaşdırmaq ailələrin borcudur. Sağlam münasibət olan yerdə həm təhsil yerində olar, həm də uşağın tərbiyəsi”, - deyə fikrini yekunlaşdırıb.