Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 16:07:57
III qrupda ən yüksək bal toplayan Zəhra: “…12 saat oxuyurdum”  

 

 Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edib.

 

AzEdu.az xəbər verir ki, III qrup üzrə ən yüksək nəticənin sahibi 675 balla Hüseynova Zəhra Mahir qızıdır.

 

 

Zəhra Saatlı rayon Varxankənd orta məktəbinin məzunudur.

 

AzEdu.az saytı Zəhra Hüseynova ilə söhbətləşib və onun imtahan təəssüratlarını öyrənib.

 

 

- Zəhmət olmasa, özünüzü təqdim edin…

 

-Hüseynova Zəhra Mahir qızı, Saatlı rayon Varxankənd orta məktəbinin məzunuyam. Buraxılış imtahanından 289.8 bal, blok imtahanında isə 385.4 bal toplamışam.

 

 

-Yüksək bal topladığınızı öyrəndiyinizdə hansı hisləri keçirdiniz?

 

-Əslində bu nəticə bizim üçün gözlənilməz oldu. Həm valideynlərim, həm də mən bunu gözləmirdik. İstədiyim nəticəni əldə etdiyimə görə çox sevincliyəm. Təbii olaraq həm də həyəcanlı idim.

 

-Hər kəsin öyrənmə metodu fərqlidir. Sizin üsulunuz necə idi?

 

-Mən imtahanlara var gücümlə, ciddi şəkildə hazırlaşırdım. Tarix və riyaziyyatdan tam bal yığmışam. Yüksək nəticə əldə etmək üçün günümün təxminən 8-10 saatını dərslərə sərf edirdim. Bacardığım qədər sosial məşğuliyyətlərdən uzaq dururdum. Bəzi şeylərlə tamamilə əlaqəmi kəsmişdim ki, artıq qalan vaxtlarımı da hazırlaşım. Çünki bilirdim ki, çalışmaq, əziyyət çəkmək və əziyyətinin bəhrəsini görmək daha sevindiricidir.

 

Hətta imtahana 1 ay qalmış günümün 12 saatını hazırlaşmağa sərf edirdim.

 

-Uşaqlıqdan arzuladığınız bir peşə olub?

 

-Bəli, uşaqlıqdan hüquqşünas olmaq istəyirdim. Bu həm atamın, həm də mənim ən böyük arzum idi. Biz bu arzumuzu reallaşdırmağa çalışırıq.

 

-Hansı ixtisası və universiteti seçəcəksiniz?

 

-Qismət olsa, Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq istəyirəm.

 

-Xaricdə təhsil almağı düşünürsünüz?

 

-Seçdiyim sahə üzrə xaricdə magistr təhsili almağı planlaşdırıram. Daha sonra vətənimə qayıdıb, ölkəmə layiqli övlad olacam.

 

 

-Bəs motivasiya qaynağınız kimlər və ya nələr oldu?

 

-Düzdü, valideynlərimin hər ikisi dəstək verir, ancaq atam başqadır. Çünki atam həm də tarix müəllimimdir. Uşaqlıqdan ən sevdiyim fənn tarix idi. Bu sevgini məndə atam yaratmışdı. Ona görə də uşaqlıqdan ən böyük motivasiya mənbəyim atam olub.