Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-26 18:53:00
Mehriban xanımın təhsil və mədəniyyət sahəsində böyük xidmətləri var  

 

 

 

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. 

 

1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban xanım Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir.

 

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Aida xanım İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat edib. Heç kimə sirr deyil ki, Mehriban xanım Əliyevanın belə bir intellektual ailənin mədəniyyət, elm və təhsil sügəcindən keçməsi onun həyat və yaradıcılığına, iş fəaliyyətinə müsbət töhfələr verib.  Əlbəttə,   Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə dəstək verir, sosial, humanitar, elm və təhsil sahələrində böyük işlər görür.

 

AzEdu.az-a açıqlamasında “Hər bir Azərbaycan vətəndaşı Mehriban Əliyevaya güvənir” deyən deputat Kamilə Əliyeva Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bütün həyatı və ictimai-siyasi fəaliyyəti boyu ona göstərilən etimadın, həvalə olunan vəzifələrin öhdəsindən uğurla, şərəflə gəlib. Hazırda da həmin missiyanı ləyaqətlə davam etdirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban Əliyevaya güvənir, inanır. Mehriban xanım da bu inamı həmişə doğruldub.

Ümumiyyətlə, bütün uğurların, zəfərlərin, qələbələrin kökündə inam və etimad dayanır. Bu baxımdan Mehriban xanımın həyatında bu iki məqam daim qırmızı xətlə keçir. Azərbaycanda elə bir sahə yoxdur ki, orada Mehriban xanımın töhfəsi olmasın. Xüsusən də təhsil və mədəniyyət sahəsində onun əvəzsiz töhfələri, xidmətləri var. Heydər Əliyev Fondunun layihələri əsasında minlərlə uşaq bağçası, məktəblər müasir standartlara uyğun tikilib. Bir çox önəmli proqramlar həyata keçirilib. Mehiban xanımın humanist, xeyirxahlıq fəaliyyəti yalnız ölkə daxili ilə məhdudlaşmayıb. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təhsilə dəstək layihəsi ölkə miqyasından kənara çıxaraq beynəlxalq humanitar təşəbbüsə çevrilib. Digər ölkələrdə də məktəblər tikilir, təmin olunur. Pakistan, Gürcüstan, Rusiya, Hollandiya, Misirdə həyata keçirilən layihələri buna misal gətirə bilərəm”.

 

Mehriban xanımın əzmi və zəhmətini yüksək qiymətləndirən deputat vurğulayıb ki, Birinci vitse-prezident Azərbayca xalqının rifahının yüksəlməsi, inkişafı üçün Cənab Prezidentimizlə çiyin-çiyinə çalışıb, bu gün də çalışmaqdadır:

 

 “Mehriban xanım Əliyeva uşaqdan yaşlıya qədər daim hər kəsin yanında olub və hər kəsə ana, bacı nəvazişi göstərib. Bu mənada Mehriban xanımı doğum günü münasibəti ilə onu təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi , ictimai-siyasi fəaliyyətində Azərbaycan naminə addımlarında daha böyük uğurlar və qələbə arzulayıram. Allah sizi və ailənizi qorusun, əzizimiz, ümid çırağımız olan, bizim Mehriban xanım”.