Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 15:16:26
“Brend tələbə” :  “Universitetlərdə 500+ bal yığan cahillər də təhsil alır”  

“Eləcə də 250-300 balla oxuyan tələbələr var ki, gəlcəyi 700 bal toplayandan daha yaxşı görünür”

 

“Ali təhsil abituriyentin gələcəkdə yaxşı yerdə işləməsi üçün yox, ali təfəkkür qazanması üçün vasitədir”

 

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərlə bölüşməsidir.

 

Saytımızın büdəfəki müsahibi  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) lll kurs tələbəsi Raman İsmayılovdur.

 

Onun sözlərinə görə , imtahan və imtahana hazırlıq prosesində məsuliyyət iki hissəyə bölünür: Ailənin və abituriyentin üzərinə düşən məsuliyyət.

 

“Ailənin məsuliyyəti övladına 50-100 manat verib hazırlığa yollamaqla bitmir! Əksinə bu məsuliyyətlərin başlanğıcıdır.  Abituriyentlər isə ilk olaraq məsuliyyətlərini zamanında dərk etməlidirlər. Bəziləri imtahana 5-6 ay qalmış qəbul imtahanına hazırlaşırlar. Bunu hamı anlamalıdır ki, qəbul imtahanına tam hazırlaşmaq üçün ən az 2-3 il vaxt lazımdır.

 

Abituriyentlərə imtaha hazırlıq prosesində bu məsələlərə diqqət etmələrini tövsiyə edirəm: -Proqramlı şəkildə dərsləriniz arasında bölgü aparın. Hər gün gücünüz çatan qədər çalışın. Yorulduqda dayanın, davam etməyin. Zamanında istirahətə vaxt ayırın. Çoxunuz elə bilirsiz ki, dayanmadan çalışmaq sizin üçün effektiv olacaq. Bu qətiyyən belə deyil! Ən doğru proqram istirahətin düzgün təyin olunduğu proqramdır. Hər dərsi oxuduqda onu təcrübəyə çevirməyə çalışın, həmin mövzu barədə testlər işləyin, yaxın bir dostunuza, ailənizin bir üzvünə və ya sadəcə özünüzə bu barədə danışın. Əzbər xarakteri daşıyan mövzularla bağlı mütləq yazılı qeydlər götürün. Danışıb səsinizi yazın - imtahana az müddət qaldıqda isə sadəcə bu qeydlərə nəzər yetirmək sizin üçün kifayət olacaq”.

 

Sonda R. İsmayılov əlavə edib:

 

“Mütləq özünüzə xüsusi dərs otağı ayırın. Həmin otağa kitab və dərs ləvazimatlarınızı yerləşdirin, fikrinizi dağıdan şeyləri həmin otaqdan çıxarın”.

 

 İsmayılov qeyd edib ki, abituriyentlər topladıqları bal çatır deyə sevmədikləri ixtisası seçməsinlər:

 

“Bilik və bacarığınız istiqamətində ixtisas seçin. İxtisasın keyfiyyəti təkcə orda verilən maaşla ölçülmür. Həmin ixtisasa olan tələbat, sizin hədəflərinizlə üst-üstə düşməsi, sizə qazandıracağı bilik və təcrübələrə diqqət edin. Balınız çatır deyə el arasında "yüksək ixtisas" hesab olunan sahələri seçərək yarımçıq papaqçı olmağa çalışmayın. İmtahanı xoşbəxtliyinizin qapısı hesab edərək mahiyyətini gözünüzdə çox böyütməyin!”.

 

 “Brend tələbə” valideynlərə olan tövsiyələrini də diqqətə çatdırıb:

 

“Övladlarınızı imtahanda topladığı bala görə az qınaq obyektinə çevirməyə çalışın! Siz bu imtahanı o qədər gözünüzdə böyütmüsünüz ki, nəticəsi də sizin övladınızla olan davranışlarınızı tənzimləyə biləcək qədər güclənib. Bunu birmənalı olaraq anlayın.: - Övladınızın gələcəyini onun yığdığı baldan daha çox fərdi keyfiyyətləri müəyyən edir. O keyfiyyətlər ki, sizin verdiyiniz tərbiyə və öyrətdiyiniz biliklər əsasında formalaşıb. Bu gün universitetlərimizdə minlərlə 500+ bal toplayan cahillər təhsil alır ki elmin özlərinə olan faydasını anlaya bilmirlər. Eləcə də 250-300 balla oxuyan tələbələr var ki, gəlcəyi 700 bal toplayandan daha yaxşı görünür. Bu sovet təfəkkürünü kənara qoyub, övladınızı qonşunuzla olan rəqabət meydanına salmayın. Ali təhsil onun gələcəkdə yaxşı yerdə işləməsi üçün yox, ali təfəkkür qazanması üçün vasitədir. Əgər siz ona biliklərdən istifadə bacarığı öyrətməmisinizsə, lap akademik də olsa, özünə həyatda yer eliyə bilməyəcək!”.

 

Son olaraq Raman İsmayılov bütün abituriyentlərə uğurlar arzulayıb.