Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 10:53:32
Gürcüstandakı azərbaycandilli məktəblər gürcüləşdirilir? - REAKSİYA  

 

 

 

 

İyunun 25-də Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycandilli Məktəblərin Müəllimlərinin 1- ci qurultayı keçirilib. Bu qurultay Gürcüstanın müstəqillik illərində reallaşan 1 - ci qurultaydır. 

 

Qurultayda Azərbaycandilli məktəblərin durumu, pedaqoji kadrların çatışmazlığı, dövlət dilinin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması, Azərbaycan dili saatlarının yenidən 5 saata qaldırılması və digər məsələlər müzakirə olunub.

 

Görüşdə iştirak edən əslən Borçalıdan olan Soydaş İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlı qurultayla bağlı öz qənaətini bölüşüb. O qeyd edib ki, Azərbaycan - Gürcüstan birgə universitetinin yaradılması zəruridir:

 

“Əgər bu universitet yaradılarsa, hazırda mövcud olan problemlər öz həllini tapacaq”.

 

 

 Zəlimxan Məmmədli: “O, məntəqələrdə süni gərginlik yaradılır”

 

Təklifi dəyərləndirən əslən Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli AzEdu.az-a açıqlamasında sözügedən qurultayı pozitiv bir başlanğıc hesab etdiyini vurğulayıb:

 “Bu qurultay Gürcüstanda bir hadisədir. Mən bunu belə qiymətləndirirəm. Bu müəllimlərin II Qurultayıdır. Birinci qurultay keçən əsrin I yarısında reallaşıb. Bu dəfə isə gənclərimiz, pedaqoqlarımız və yerdə qalan digər təşəbbüskarların təşkili ilə həyata keçib. Əlbəttə, rəsmi qurumların, Təhsil Nazirliyinin, diplomatik korpusun da iştirakı ilə bu məsələlərin müzakirə olunması yaxşı haldır.

 

 

“Borçalı” İctimai Birliyinə uzun müddət rəhbərlik etmişəm və problemlərə bələdəm. Həmin problemlərin aradan qaldırılması üçün təşəbbüslərimiz olub, layihələr, tədbirlər həyata keçirmişik. Azərbaycanın müvafiq hökumət dairələrini, Elm və Təhsil Nazirliyini, Prezident Administrasiyasının Humanitar Siyasət şöbəsini, o cümlədən Gürcüstanın müvafiq nazirliklərini, qurumlarının diqqətini problemlərə yönəltməyə çalışmışıq”.

 

 

Z.Məmmədli vurğulayıb ki, milli məktəblərin varlığı və yoxluğu ilə bağlı Gürcüstanda ikili tendensiya var:

 

 

“Hətta Azərbaycanın keçmiş diaspor komitəsinin sədri Nazim İbrahimov “bizim məktəblərin hamısı gürcüləşdirilməlidir” deyərək ajiotaj yaratdı. Bu vahid bir mövqe, konsepsiya olmadığına işarə idi. Gürcüstanda isə milli azlıqlarla bağlı hələ də fobiya var. Abxaziya, Osetiya, Macarıstandan olan milli azlıqlardan ehtiyat edirlər.

Bu gün artıq azərbaycandilli məktəblərin bağlanması söhbəti ola bilməz. Milli məktəblər qalır, milli kimliyimiz üzərinə hər hansı kölgə salmadan Gürcüstan cəmiyyətinə inteqrasiya edə bilərik. Bunu sabiq prezident Saakaşvili “1+4” modeli ilə təsdiq etdi”.