Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 13:15:10
Məntiq fənni məktəblərdə tədris olunmalıdır? – Ekspertdən izah  

Elşən Qafarov :  “Məntiq elm deyil vərdişdir. Bu mənada məkəblərdə məntiq dərslərinin keçirilməsi vacib deyil”

 

 Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar verməyə yönəldir. Bu səbəbdən zaman-zaman orta məktəblərdə məntiqin ayrıca  fənn kimi tədris olunması məsələsi ətrafında müzakirələr aparılır.

 

Həmçinin, magistratura imtahanlarına hazırlaşan bir çox bakalavr məntiq fənnindən çətinlik çəkir, əlavə hazırlıq kurslarına getməyə ehtiyac duyur.

 

Bəs həqiqətən də məktəblərdə məntiq fənni tədris olunmalıdır?

 

Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”

 

AzEdu.az-ın sualını cavablandıran təhsil eksperti Elşən Qafarov məntiqin fənn kimi tədris olunmasının tərəfdarı olmadığını qeyd edib. Onun sözlərinə görə məntiq elm deyil vərdişdir:

 

“Dünyanın bir sıra ölkələrində insanların təhsil səviyyələrinə və işə qəbulu  zamanı namizədlərin İQ qabiliyyətləri yoxlanılır. Bu proses isə məntiq testləri vasitəsi ilə aparılır. Ümumiyyətlə, insanların məntiq testlərini işləyə bilməsi üçün məkəblərdə məntiq dərslərinin keçirilməsi vacib deyil. Düşünürəm ki, İQ qabiliyyətini artıran bir sıra sahələr var. Bunlara yaradıcılıqla bağlı sahələri aid etmək olar. Məsələn, rəssamlıq, şahmat və s.”

 

Ekspert şagirdlərin məntiqlərinin inkişaf etməsi üçün təkliflər irəli sürüb:

 

“Təsviri İncəsənət fənni orta məktəblərdə 9 il tədris olunur. Həmçinin, bir sıra orta təhsil müəssisələrində şagirdlərə şahmat öyrədilir. O cümlədən, şahmat məktəbləri faəliyyət göstərir. İstənilən şəxs ora gedib bu sahədə peşəkarlaşa bilər. Düşünmürəm ki, məntiqin ayrı bir fənn kimi məktəblərdə tədris olunması vacibdir. Əsasən, yaradıcılıqla bağlı fənləri məktəblərdə günün tələblərinə uyğun təşkil edilməsi daha məqsədəuyğun olardı”.