Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 13:33:14
Məktəblərə MİQ-dənkənar müəllimlər yerləşdirilir? 

Elşən Qafarov: “Bəzi hallarda MİQ-dənkənar olan müəllimlərin yerləşdirilməsi halları ola bilir”

 

Son zamanlar müəllimlərin işə qəbulu (MİQ) zamanı vakant yerlərin gizlədilməsi ilə bağlı şikayətlər artır.

 

Gənc müəllimlər iş tapa bilməməkdən, məktəb direktorlarının vakant yerləri müsabiqəyə təqdim etməməsindən narazılıq edirlər.

 

Maraqlıdır, direktorların vakant yerləri gizlətməsi mümkündürmü?

 

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda təhsil müəssisələrində vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb:

“Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərimizdə müəllim sayı zəruri olduğundan çoxdur. 4 sinfə 24 müəllim düşən məktəblərimiz var. Belə olduğu halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik”.

 

Nazirin açıqlamasına rəğmən vakansiya yerlərinin gizlədilməsinə dair müzakirələr səngimək bilmir.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov vakansiya yerlərinin gizlədilməsinin çox nadir hallarda ola biləcəyini vurğulayıb:

  

“Hər il aprel-may aylarında məktəblərdə olan vakansiya yerləri barədə məlumat mərkəzləşmiş qaydada müvafiq qurumlara təqdim olunur. Müəllimlərin işə qəbulu qaydalarına görə təhsil müəssisəsində hər hansı ixtisasdan  kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. Lakin bir çox fənlər var ki, saat sayı azdır. Eyni fənn üzrə məktəbdə bir müəllim varsa, bu zaman nisbətən az sayda olan dərs saatlarını da vakansiyaya çıxarmaq mümkündür.

 

E.Qafarov qeyd edib ki, vakansiya yerlərinin gizlədilməsini məktəb direktorları edə bilməz:

 

“İndiki halda müəllimlərin işə qəbulunda vakansiya yerlərinin gizlədilməsi çətin məsələdir. Bunu məktəb direktorları edə bilməz. Bəzən müəllimlərin MİQ-dənkənar yerləşdirilməsi halları ola bilir. Bu haqda məlumatları eşidirik. Məlumdur ki, ölkədə 4432 məktəb, 89 min 600 sinif var. Bu böyük saya görə hər şeyə “idealdır” deyə bilmərik. Əgər bu cür halların şahidi olan insanlar varsa, Elm və Təhsil Nazirliyinin 146 xidmətinə zəng edib bununla bağlı informasiya verə bilərlər. Ümumiyyətlə, nazirliyin özü də bunun qarşısını almaq istəyir. Ona görə də vakant yerlərin gizlədilməsi hallarına şahid olanlar mütləq şəkildə bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsinlər”