Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 09:13:00
700 bal bilik göstəricisidirmi?“Şirkətlər buna önəm vermir” - ŞƏRH

Bu il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda maksimum, yəni 700 balın toplanmaması müzakirələrə yol açıb.

Kimi maksimum balın toplanmaması  imtahan prosesinin çətinliyi ilə əlaqələndirir, kimi də abituriyentlərin imtahana yüksək səviyyədə hazırlaşmamağı ilə izah edir. Bir qisim isə 700 balın savad və bilik göstərici olmadığını iddia edir. 

 

Bəs kim haqlıdır? Qəbul imtahanlarından toplanılan ballar həqiqətən də şagirdlərin bilik və savadını düzgün qiymətləndirirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov yüksək nəticələrin göstərici olmadığını, aşağı bal toplayan abituriyentlərin də savadlı kadr kimi yetişə biləcəyini qeyd edib: 

IMG

“Ümumiyyətlə, heç zaman 700 balı abituriyentlərin göstəricisi hesab etmək olmaz. Maksimum bal toplayan abituriyent məktəb dövründə çox çalışqan, əzmli olduğunu göstərir. Təbii ki, 700 bal toplamaq təsadüfi hal deyil. Bu nəticəni göstərən abituriyentlər həqiqətən də uğurlu, çalışqan, intellektual zəkası, İQ səviyyəsi müəyyən qədər yüksək olan şagirdlərdir. 700 bal toplayan abituriyentlərin əksəriyyəti bakalavr təhsilini bitirdikdən sonra, magistratura imtahanlarında da yüksək nəticələr göstərir. Və onların universitet dərslərində ÜOMG ortalamaları da yaxşı olur.

Bu faktorlar onu göstərir ki, Dövlət İmtahan Mərkəzinin onlara verdiyi 700 bal həqiqətən də həmin şagirdlərin biliyini, savadını və əzmkarlığını göstərir. Lakin, bu o demək deyil ki, şagird 500 və ya 450 bal toplayıbsa, o gələcəkdə uğurlu ola bilməz. Və yaxud, 700 bal toplayıbsa, mütləq gələcəkdə uğurlu olacaq. 

 

Ortalama balla gələcəkdə çox böyük uğurlara imza ata biləcək abituriyentlər olduğu kimi, maksimum nəticə göstərib, gələcəkdə uğur qazana bilməyən abituriyentlər də ola bilər”. 

 

Ekspert qeyd edib ki, böyük şirkətlər insanların təhsil aldığı müddətdə topladığı nəticələrə görə deyil, şəxsi keyfiyyət və savadlarına görə işə götürür: 

 

“Biz insanların hazırkı vəziyyətini və performansını dəyərləndirməliyik. Hətta onu da deyə bilərəm ki, artıq universitetlərin əhəmiyyəti qalmayıb. Bir insan 30 yaşda özünü inkişaf etdirirsə, həmin insan 35 yaşında çox yüksək vəzifə əldə edə bilməlidir. Bu 40 yaşında da ola bilər. Ümumiyyətlə, insanların özündə güc tapıb, inqilab yaratmaq yaşı yoxdur. Ona görə də iş yerləri insanların həmin dövrlərindəki performansına, əzmkarlığına, özünü yetişdirməsinə, aldığı təlimlərə və şəxsi keyfiyyətlərinə baxıb işə götürməlidirlər. Adətən böyük şirkətlər insanların ali məktəblərə neçə balla daxil olduğuna və bitirdiyinə əhəmiyyət vermir. Həmin şəxsin özünü nə qədər inkişaf etdirdiyinə fokuslanırlar”.