Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 09:30:20
“İcra hakimiyyətlərinin məktəblərə müdaxiləsi yolverilməzdir” - TƏNQİD  

Müəllimlər tərəfindən müzakirə olunan və narazılığa səbəb olan mövzulardan biri də İcra Hakimiyyətlərinin məktəblərin fəaliyyətinə müdaxilə etməsidir.

 

Belə ki, bəzən ayrı-ayrı rayon məktəblərində icra başçılarının müdaxiləsi ilə ya müəllimlərin dərs saatı azaldılır, ya da işdən azad olunurlar. Əlbəttə, təhsillə bağlı məsələlərə Elm və Təhsil Nazirliyi müdaxilə edə bilər, amma bəzi hallarda icra hakimiyyətləri səlahiyyətlərini aşaraq, məktəblərə müdaxilə etmək fikrinə düşürlər ki, bu də ölkə ictimaiyyətində, təhsil cameəsində birmənalı qarşılanmır.

 

 

İcra hakimiyyətlərinin məktəblərə, bütövlükdə təhsil sektoruna müdaxiləsi uzun illərdir, müzakirə və tənqid olunur. Ayrı-ayrı millət vəkilləri də məsələyə münasibət bildirərək, xeyli tənqidi notlarla çıxış ediblər.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Nadir İsrafilov qeyd edib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən rayon Təhsil şöbələri ikili tabeçilik şəraitində fəaliyyət göstərirlər. Yəni, bu qurumların fəaliyyətinə həm icra hakimiyyətləri, həm də Elm və Təhsil Nazirliyi nəzarət və müdaxilə edə bilir:

 

“Bir sıra hallarda icra başçıları Təhsil şöbələrinə nəzarətdə hətta öndə gedirlər, nəinki nazirlik. Əslində necə olmalıdır?” şəklində məsələnin qoyuluşu heç də birmənalı cavablandırılmayıb. Bir neçə fərqli cavaba diqqət yetirək: “Şöbələr nazirliyin göstərişi ilə işləyirlər. Sadəcə, rayon səviyyəsində tədbirlər olursa, rayonun böyüyü kimi icra başçısı ilə məsləhətləşmələr aparılır. Amma Təhsil şöbələrinin İcra hakimiyyətinə tabe olması reallığı əks etdirmir.

 

İcra başçısı həmin rayonun kiçik prezidentidir. Onların tədbirlərində Təhsil şöbəsinin rəhbəri də dəvət olunur. Amma birbaşa icra başçılarının rayon Təhsil şöbəsi rəhbərlərinin işinə müdaxilə etməsi halı yoxdur. Nazirliklə yerli Təhsil şöbələri arasında müvafiq proqramlar, tədris sistemi ilə bağlı münasibətlər formalaşır. Xalqın seçdiyi nümayəndələr isə yerlərdə vəziyyəti idarə edir. Yerli icra hakimiyyəti orqanı olduğuna görə, qurum bəzən bu məsələlərə qarışa bilir, tənzimləmə aparır. Amma faktiki olaraq, hansı rayonda İcra hakimiyyəti ilə rayon təhsil şöbələrinin rəhbərinin fikirləri üstü-üstə düşürsə, problemlər yaranmır. Hər iki qurum fərqli məqsəd və mərama xidmət etdikdə isə fikir ayrılıqları ola bilir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əsasən (1 mart 2005-ci il № 203) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin digər bir maddəsinə əsasən nazirlik bu əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaların yerinə yetirilməsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və ictimai təşkilatlarla, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərir. Deməli, burda hər hansı bir müdaxilədən deyil, qarşılıqlı fəaliyyətdən söhbət gedə bilər.

 

 Təəsüf ki, bizdə hələ belə sistem formalaşmadığından qarşılıqlı fəaliyyət bir çox hallarda yersiz müdaxilələrlə əvəz olunurdu. Başqa sözlə, bəzi icra hakimiyyəti orqalarının nümayəndələri özlərini sövet dövrünün “raykom” katibləri kimi aparırdılar. Bu kimi hallar isə idarəetmənin optimallaşdırılması və daha çevik sistemin yaranmasına ciddi maneə idi və bu istiqamətdə konkret və əsaslı addım atılmasını zəruri edirdi. Prezidentin 20 dekabr 2021-ci il tarixli sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsinin yaradılması birbaşa müdaxilə olmadan Elm və Təhsil Nazirliyi tərəfindən məsələnin qiymətləndrilməsinə şərait yaratmaqla yanaşı, həm də Elm və Təhsil Nazirliyinin təhsil şöbələri üzərində nəzarətinin bir qədər də gücləndirilməsinə zəmin yaratmış olur”.

 

Ekspert elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə diqqət çəkib. Nazir deyib:

 

“Əsasən, regional təhsil idarələri hər rayonda təhsili idarə edən, regional idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərən qurumlardır:

 

"İndiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələri bir formatda, ümumtəhsil məktəbləri başqa bir formatda idi. Maliyyələşmə başqa bir qurum tərəfindən aparılırdı. Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirəcək.” Bir də ki, bir neçə rayonun birləşmiş idarəçiliyi olduğundan Təhsil şöbələrinin ikili tabeçilik şəraitində fəaliyyət göstərməsi aradan qaldırılmış olur. Yəni, əllərdə bu qurumların fəaliyyətinə həm icra hakimiyyətləri, həm də Elm və Təhsil Nazirliyi nəzarət və müdaxilə edə bilir. Bir sıra hallarda icra başçıları təhsil şöbələrinə nəzarətdə hətta öndə gedirdilər, nəinki nazirlik. Hazırda icra hakimiyyətlərinin məktəblərə sırf pedaqoji fəaliyyətlə - müəllimlərin işdən çıxarılması ya da, dərs saatlarının azaldılması və ya artırılması ilə bağlı müdaxilə etməsi birmənalı çəkildə yolverilməzdir. Lakin bu heç də o anlama gəlməməlidir ki, icra hakimiyyəti orqanları ərazidə baş verənlərə qarşı seyrçi mövqe tutmalıdırlar və ya ümumi nəzarəti əldən verməlidirlər. İstənilən halda Regional Təhsil İdarələri ilə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı anlaşma şəraitində işləmələri arzuolunandır”.