Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 12:21:38
Repetitorlar hazırlıq qiymətlərini artırıblar?  Sertifikasiyanın təsiri...

Sertifikasiyadan yüksək bal toplayan müəllimlər var. Bu məsələ valideynləri bir qədər narahat edir. Onlar düşünürlər ki, müəllimin yüksək bal toplaması hazırlıq qiymətlərinə təsir göstərəcək və qiymətlər artacaq.

 

 

Bəs valideynlərin narahatlığı nə qədər əsaslıdır?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev qeyd edib ki, müəllimin yüksək bal toplaması həm tədris prosesinə təsir edir, həm də şagirdlərin, valideynlərin müəllimə rəğbətini və inamını daha da artırır:

 

“Müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) test imtahanını da, sertifikasiya imtahanını da müsbət qiymətləndirirəm. Çünki diqqət etsək, görərik MİQ ilə işə qəbul olunan müəllimlərin məktəbdə yanaşması fərqli olur. Bu yanaşmaya görə də müəllimə, dərsə sevgi artır. Bu nəticələr həm tədris prosesinə müsbət təsir göstərir, həm də şagird və valideynlərin müəllimə etimadını artırır”.

 

Müsahibimiz sözügedən mövzu ilə bağlı valideynlərin narahatlığını əsassız hesab edir.

 

“O ki, qaldı sertifikasiyadan yüksək nəticə toplayan müəllimlərin repetitorluq qiymətləri artması məsələsinə, hesab edirəm ki, bu yanlış düşüncədir. Bir müəllimin imtahanlardan yüksək nəticə əldə etməsi repetitor fəaliyyətinin qiymətini artırılmasına əsas verə bilməz. Sertifikasiya imtahanları müəllimin öz biliklərinin hansı səviyyədə olduğunu görmək və bildiklərini yeniləmək üçün nəzərdə tutulub. Şagirdləri düzgün istiqamətdə bilgiləndirmək üçün müəllimlərin də özünü yeniləməsi zəruridir”.