Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 10:12:00
“Son zəng”də meyxanaya oynayan şagirdlər – Ekspert TƏNQİD ETDİ

14 iyun tarixində ölkənin bütün ümumitəhsil müəssisələrində “Son zəng” çalındı.

 

11-ci sinif şagirdləri hazırladıqları şeirlər, mahnılar, rəqslər və digər kompozisiyalarla çıxış edib “Son zəng” gününü olduqca əyləncəli keçirdilər.

 

Lakin bəzi məktəblərdə səslənilən musiqlər cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə yayılan videolardan belə görünür ki, bir sıra təhsil ocaqlarındakı “Son zəng” tədbirində şagirdlər “meyxana” janırında olan müsiqiləri səsləndirir, oxuyub, ifa edirlər.


11-ci sinif şagirdlərinin bu davranışları nədən irəli gəlir? Və məktəb rəhbərləri bu kimi halların qarşısını niyə almır?

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bu tip mahnıların səsləndiyi məktəblərdə təhsilin öldüyünü vurğulayıb:

 

“Məktəblərdə "Son zəng" keçirildiyi zaman bayağı, xüsusi ilə "meyxana" janırında, həm də “oğru” aləminə mənsub olan musiqilərin səslənməsi o deməkdir ki, həmin məktəblərdə təhsil ölüb, təhsil yoxdur... Çünki, məktəb direktoru və təlim-tərbiyə üzrə direktorlar bu məsələyə göz yumursa, bu o deməkdir ki, həmin şəxslər üçün şagirdlərin hansı musiqiyə qulaq asdığı əhəmiyyətli deyil. Musiqi dinləmək olar, amma normal musiqidən söhbət gedir". 

 

Ekspert bu kimi halların baş verməsinin səbəbini bəzi məktəblərdə təlim-tərbiyə işlərinin düzgün aparılmamasında görüb:

 

“Görünən odur ki, bu gün bəzi məktəblərimizdə baş verən özbaşnalıqlar, düzgün nəzarətin olmaması, rəhbər heyətinin təhsil prosesindən kənar dayanması, bəzi direktorların uşaqlara və müəllim heyətinə nəzarət etməməsi belə özbaşnalıqların yaranmasına səbəb olur. Təsadüfi deyil ki, buna qədər biz çox kriminal halların şahidi olmuşuq. Nə qədər parta sındıran uşaqlar görmüşük... Bu da o deməkdir ki, uşaqlara düzgün təhsil-tərbiyə verilmir. Çox təəssüf ki, bu hallar təkcə məktəbdə deyil, hansısa universitetlərdə də yaşanmışdı. "Oğru” aləminə mənsub olan şəxsin bəstələdiyi mahnını oxuyub-oynayırdılar. Respulikamızın əksər məktəb və liseylərində normal, sivil qaydada məzun günü keçirilir. Hər şey qaydasında və gözəl tərtip olunur. Bütün məktəblərdə də bu cür “Son zəng” keçirmək elə də çətin olmaz". 

 

E.Əfəndi bu kimi halların təkrarlanmaması üçün çıxış yolunu belə izah edib:

 

“Bunun qarışısını almaq üçün Elm və Təhsil Nazirliyi konkret əməlli adımlar atmalıdır. Sözügedən rəhbərləri toplayıb müvafiq danışıqlar aparmalıdır”.