Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 17:02:00
Ekspert valideynləri qanunsuz ödənişləri verməməyə ÇAĞIRDI

Təhsil müəssisələrində şagirdlərdən müəyyən mqəsədlər üçün qanunsuz şəkildə pul yığılması uzun illlərdən bəri davam edən problemdir. Elm və Təhsil Nazirliyinin xəbərdarlıqlarına, valideynlərin şikayətlərinə baxmayaraq, hələ də cəmiyyətimiz bu xoşagəlməz halları yaşamaqdadır.

 

Sabiq deputat, təhsil eksperti Sona Əliyeva AzEdu.az-a açıqlamasında sözügedən məsələyə toxunub.

O bildirib ki, bu kimi halların indiyədək mövcud olması məktəbin, müəllimlərin adına yaraşmayan halllardır: 

 

“Bu, cəmiyyətimizi uzun illərdən bəri narahat edən problemdir. Elm və Təhsil Nazirliyi, cəmiyyət bununla uzun müddətdir ki, mübarizə aparır, amma hələ də istənilən nəticə əldə olunmayıb. Bu kimi halların indiyədək mövcud olması məktəbin, müəllimlərin adına yaraşmır. Azərbaycanın dövlət məktəbləri ödənişsizdir. Təhsil alanların dövlət məktəblərinə qarşı heç bir maliyyə öhdəliyi yoxdur. Təbii ki, bu kimi hallar şagirdləri və valideynləri ciddi narahat edir. Onların təhsilə olan marağına, motivasiyasına mənfi təsir göstərir”.

 

S.Əliyeva bu cür neqativ halların fəsadlarından da danışıb.

 

“Belə qanunsuzluqlar valideynlərin məktəbə olan güvənini zədələyir. Çünki bir sıra ailələrin sosial durumu məktəbdəki qanunsuz ödənişləri qarşılamağa imkan vermir. Təkcə bu deyil, eyni zamanda, həmin pulları verməyən uşaqlar sinifdə ayrı-seçkiliyə də məruz qalırlar. Bu da şagirdlərin psixologiyası baxımından yolverilməz haldır. Bütün məktəblərdə olmasa belə, bir çoxlarında uşaqlardan qanunsuz ödənişlər tələb olunur. Belə hadisələrin kütləvi informasiya vasitələrində müzakirəsi ictimaiyyətin təhsil sektoruna olan inamını sarsıdır. Görülən yüksək keyfiyyətli işlərin olmasına baxmayaraq, təhsil sektoruna kölgə salır". 

 

Müsahibimiz valideynləri qanunsuz ödənişlərdən imtina etməyə çağırıb:

 

“Valideynlər kütləvi şəkildə belə hallara qarşı çıxmalıdırlar. Düşünürəm ki, təkcə Elm və Təhsil Nazirliyi və ya təhsil qurumunun mübarizəsilə nəticə əldə etmək asan olmayacaq. Bütöv cəmiyyət olaraq bu kimi neqativ hallara qarşı tədbir görməliyik”.