Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 11:59:00
Amnesty İnternational qızların zəhərlənməsinə ETİRAZ ETDİ

Beynəlxalq Amnisty İnternational Təşkilatı İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı “müstəqil, hərtərəfli və effektiv” araşdırma aparılmasının vacibliyini bildirib.

AzEdu.az xəbər verir ki, insan haqları qurumu İranın Baş prokuroru Məhəmməd Cavad Montəziriyə göndərdiyi məktubda bildirib ki, hakimiyyət qızların təhsillə bərabər təhlükəsizliyini təmin etməli və onları hər cür zorakılıqdan qorumalıdır.

Amnesty İnternational xəbərdarlıq edib ki, İranda kimyəvi qaz hücumları fonunda milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və yaşayış hüquqları ciddi təhlükə altındadır.

Məktubda bildirilir ki, noyabr ayından bu yana 100-dən artıq məktəb zəhərlənməyə məruz qalıb, bəzi məktəblər isə bir neçə dəfə bu hücuma  məruz qalıb.

Amnesty İnternational bildirir ki, məktəbli qızların zəhərlənməsi prosesi 2022-ci il sentyabrın ortalarında baş vermiş ümummilli etirazlarda  iştirak etdiklərinə görə onlafrı cəzalandırmaq üçün mərkəzləşdirilmiş qaydada idarə olunan kampaniya xarakteri daşıyır.


Təşkilat yazır: “Hücumları araşdırmaq üçün müstəqil beynəlxalq nümayəndə heyətinə, BMT-nin İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisinə, BMT-nin təhsil hüququ üzrə xüsusi məruzəçisinə, BMT-nin qadınlara və qızlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisinə, BMT-nin sağlamlıq hüququ və Uşaq Hüquqları Komitəsinə ölkəyə giriş imkanı verilməlidir”.


Məktubda əlavə olunur: “Hücumlar ilk dəfə Qum əyalətində qeydə alınıb və sonradan digər əyalətlərə yayılıb. Hər gün bir neçə məktəbə belə hücumlar baş verib. Bu hücumlar məktəbli qızların öskürək, tənəffüs çətinliyi, burun-boğazın qıcıqlanması, ürək döyüntüsü, baş ağrısı, ürəkbulanma, qusma və əzalarda uyuşma kimi simptomlarla xəstəxanaya yerləşdirilməsinə səbəb olub”.


Amnesty İnternational həmçinin qeyd edib ki, hakimiyyət narahat olan valideynləri, məktəbli qızları, müəllimləri, jurnalistləri və başqalarını zorakılığa, hədə-qorxuya və həbslərə məruz qoymaqla ictimai fəallıq çağırışlarını susdurmağa çalışıb ki, onlar dinc etirazlara və ya hakimiyyətin zəhərlənmələri dayandırmaması barədə məlumatları yaymasınlar.


Azadşəhr sünni imamı devrilmiş Mövləvi Hüseyn Qorqic bazar ertəsi günü xütbə zamanı qız uşaqlarını zəhərləyənlərə ölüm diləyib.


Onun sözlərinə görə, əvvəllər Suriyada uşaqlara qarşı belə kimyəvi hücumlar təşkil olunurdu.


Verilən məlumatlara görə, İranda qız məktəblərinə kimyəvi hücumlar çərşənbə axşamı davam edib, ən azı 26 ibtidai və orta məktəb şagirdi zəhərlənib.


İslamşəhr, Tehran, Kərəc, Ərdəbil, Saqqez və Əhvaz şəhərlərində zəhərlənən məktəblilər xəstəxanalara aparılıb.


Sosial şəbəkələrdə yayılan videolarda ailələrin məktəblərin qarşısına toplaşması, rejimin qızlara qarşı hücumlara etinasızlığına qəzəbləndiyi görünür.


Tələbələrin davamlı  zəhərlənməsi dörd aydan çoxdur davam edir. Hücumlar getdikcə daha çox şəhərə yayılsa da, cinayətkarlar hələ də müəyyən edilməyib.


Hücumlarla bağlı beynəlxalq etirazlar fonunda BMT-nin Cenevrədəki İnsan Haqları Şurası müstəqil və şəffaf istintaq aparmağa  çağırıb, Ağ Ev isə bu işdə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib.