Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 14:41:00
İranda 400-dən çox tələbə universitetlərdən qovulub

İranın Tələbə Həmkarlar İttifaqı Şurası ölkədəki son etirazlardan sonra 435 tələbənin təhsilinin dayandırıldığını və ya onların hakimiyyət tərəfindən universitetlərdən  xaric edildiyini bildirib.

AzEdu.az xəbər verir ki, Şura çərşənbə axşamı yaydığı bəyanatda "Xeyli sayda tələbənin qeyri-qanuni təhsildən uzaqlaşdırılması və universitetlərdən xaric edilməsi barədə qərar qəbul edildiyini" bildirib.

İranda tələbə hərəkatı keçən il Mahsa Əmininin həbsdə öldürülməsindən sonra “Qadın, Həyat, Azadlıq!” etirazları fonunda geniş vüsət alıb.  Universitetlər rejim əleyhinə böyük nümayişlərə səhnə oldu. Bu nümayişlərin önündə rejimin qadınlara qarşı yeritdiyi siyasətə  etiraz edən gənc qızlar dururdu.

ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, sentyabrın ortalarından bəri 144 universitetdən 637 tələbə həbs edilib. Həbs edilən tələbələrin də əksəriyyətini qadınlar təşkil edirdi.

İran daxilindəki bəzi mənbələr də saxlanılan tələbələrin sayının 700-dən çox olduğunu açıqlayıb.

Ötən həftə Təhsil Nazirliyi bildirib ki, onun tabeliyində olan qurumlar hicab qaydalarına əməl etməyən tələbələrə bundan sonra təhsil verməyəcək və təhsillə bağlı  digər xidmətlər göstərməyəcək.

“Bütün universitetlər və ali təhsil müəssisələri bununla bağlı qaydalara tabe olmayan tələbələrə, sosial təminat və digər xidmətlər verməkdən imtina edəcəklər " - nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

“Qadın, Həyat, Azadlıq” hərəkatının başladığı 7 aydan bəri getdikcə artan sayda qadın və universitet tələbələri məcburi hicabdan imtina edirlər.
Hakimiyyət nümayəndələri hicabdan imtina edən qadınlara qarşı ən sərt tədbirlər tətbiq etməkdən belə çəkinmirlər.