Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-10 16:36:00
Məktəblərdəki insidentdə kim günahkardır: müəllim, yoxsa valideyn?..

Son zamanlar orta məktəblərdə baş verən xoşagəlməz hadisələrin artdığına şahid oluruq. Ya müəllim şagirdi hansısa üsullarla cəzalandırır, ya da hansısa şagird müəllimi hövsələdən çıxarıb gizli videoya çəkir. Sosial şəbəkələrdə bu hadisələr geniş müzakirələrə səbəb olur. Müzakirələrə qoşulanların əksəriyyəti isə müəllimi qınayır, bütün günahları onda görür. Halbuki, bütün günahları müəllimin boynuna yükləmək də ədalətsizlikdir. Çünki müşahidələr göstərir ki, bəzən belə hadisələriə şagirdlərin hərəkətləri rəvac verir. 
Deməli, şagirdi tərbiyələndirən valideynin də məsuliyyətindən söz açmaq vacibdir.

Təhsil eksperti Elçin Əfəndiyev mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib. O, məsələnin müxtəlif tərəflərdən işıqlandırılmasının tərəfdarı olduğunu qeyd edib.

Ekspert bütün məsuliyyətin təhsil müəssisəsinin, xüsusilə müəllimlərin üzərinə qoyulmasını düzgün hesab etmir.


“İstənilən halda təhsil elə bil sahədir ki, Azərbaycanda 90% ailə ilə bağlılığı var. Demək olar ki, bütün ailələrdə şagird, tələbə və yaxud müəllim olduğunu görə bilərik. Belə olan halda hər kəs prosesin təqribi necə olduğunu bilir. Birmənalı olaraq müəllim şagirdə qarşı şiddət göstərə bilməz. Əgər şagird ümumi nizam-intizam qaydalarını pozursa, dərsin gedişatına mane olursa, bunun həlli qaydaları var. 

Ötən il Elm və Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş “Şagirdin davranış qaydaları” artıq pilot layihə olaraq tətbiq olunur. Ancaq bu,  respublika ərazisindəki bütün məktəbləri əhatə etmir. Əgər həmin layihə özünü doğruldarsa, digər təhsil müəssisələrinə də şamil olunacaq”.
 

Müsahibimiz valideynlərə övladlarını məktəbə yola salan zaman bir sıra məsələlərə diqqətlə yanaşmağı tövsiyə edib.

 
“Xüsusi bir məsələyə diqqət çəkmək istəyirəm ki, hər şeyi təhsil müəssisəsindən gözləmək doğru deyil. Burada vacib məqam ondan ibarətdir ki, valideyn övladının təhsilinə diqqət yetirirsə, baş verə biləcək hallar müəyyən qarşılıqlı anlaşma ilə həll oluna bilər. Valideyn tərəfindən övladının geyiminə, görkəminə, saç düzümünə, üzərində daşıdığı aksesuarlara və s. diqqət yetirilmirsə, bu amillər məktəbin nizam-intizam qaydalarının pozulması ilə nəticələnəcək, məktəbdaxili müəyyən problemlərin yaranmasına gətirib çıxaracaqdır. Valideyn övladını məktəbə yola salarkən yuxarıda sadaladığım faktorlara diqqət edilməlidir. Burada şagirdin oğlan ya da qız olmasının fərqi yoxdur. 


Nəyə görə inkişaf etmiş təhsil sistemi dedikdə ilk növbədə Finlandiyanın adı çəkilir. Çünki həmin ölkədə məktəblərdə imkan yaradılır ki, şagird və valideyn arasında ünsiyyət yaradılsın, şagird daha çox valideynin yanında vaxt keçirsin. Çünki uşağın ilkin inkişaf mərhələsindən yeniyetməlik dövrünə qədər ona ən yaxşı məhz ailəsinin istiqamət verəcəyini, dəyərlərin aşılanacağını hesab edirlər. Məktəblərdə yalnız təhsil prosesi öz əksini tapır. Qalan formalaşma məsələsi isə ailə tərəfindən həyata keçirilir". 

 

Elçin Əfəndi valideynlərə çağırış edib:

 

“Bu gün hər birimizin valideynlərdən istəyi, xahişi ondan ibarətdir ki, övladlarını məktəbə yola saldıqlarının fərqində olsunlar. Yəni bilməlidir ki, bu uşaq məktəbə gedir. Yola saldıqları yer təhsil ocağıdır. Təhsil ocağı müəyyən biliklərin aşılandığı yerdir. Ancaq biz hazırda tamamilə fərqli bir mənzərənin şahidiyik. Aşağı sinifdə oxuyan şagirdlərin məktəbə bahalı telefon gətirdiyinin, oğlan uşaqlarının qəribə saç düzümü saxladığının şahidi oluruq. Əlbəttə, zövqlər fərqlidir. Ancaq gəldikləri yerin təhsil ocağı olduğu unudulmamalıdır. 

Şagirdlərin yalnız ibtidai sinifdən VI-VII sinfə qədər olan müddətdə nizam-intizama riayət etdiyini görürük. Yuxarı siniflərdə isə əksər şagirdlərin nizam-intizamı pozması halları ilə tez-tez qarşılaşırıq”.

 

Ekspert şagirdin nizam-intizamı pozduğu təqdirdə hansı yolun izlənməli olduğunu da vurğulayıb:

 

“Əgər şagird nizam-intizamı pozursa, bu, heç bir müəllimə onu cəzalandırmaq haqqı vermir. Əgər belə bir hal baş verərsə, valideyn məktəbə dəvət olunmalı, vəziyyətlə bağlı məlumatlandırılmalıdır. Əgər müəllim öhdəsindən gəlməkdə çətinlik çəkəcəyi bir halla qarşılaşarsa, bunu direktora bildirməlidir. Vəziyyət direktorun da səlahiyyətlərini aşırsa, onda lazımi qurumlara müraciət olunmalı və ciddi tədbirlər görülməlidir”.