Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 11:00:00
İran əfqan qadınlarına təhsil almaqda kömək təklif edir

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi ölkədə qadınların təhsil almasına qadağa qoyub və bəyan edib ki, zərif cinsin təhsil alması şəriət qaydalarını pozmaq deməkdir. Buna görə ölkədəki qızların təhsil aldığı bütün məktəblər bağlanıb.

AzEdu.az xəbər verir ki, bütün dünya dövlətləri Əfqanıstan hökumətinin bu qərarını pisləyib və qadınların təhsil almaq hüquqlarının əllərindən almamağa çağırıb.

İran hökuməti isə “Taliban"ın bu qərarını pisləməklə yanaşı, Əfqanıstandan olan qadınlara təhsil almaq sahəsində yardım etmək istədiyini bildirib. Bu barədə İranın ailə, qadın məsələləri üzrə vitse-prezidenti Ənsiyə Xəzəli özünün tvitter hesabında bildirib. Vitse-prezidentin dediyinə görə, İran hökuməti əfqan qadınlarının müxtəlif təhsil pillələri üzrə təhsil almalarına yardım etməyə hazırdır.

İranın əfqan qadınlarının təhsil almasına hansı formada yardım edəcəyini isə hələ açıqlamayıb. Məlum deyil ki, İran hökuməti öz ərazisində olan əfqan qadınlarının təhsil almaq məsələsini həll etmək istəyir, yoxsa hazırda Əfqanıstanda yaşayanları da nəzərdə tutur? Yaxud İranın bu təşəbbüsü “Taliban” hökunməti tərəfindən necə qarşılanacaq?

Ən maraqlı məsələ odur ki, öz ölkəsindəki məktəbli qızların nümayişlərə qatılmasının qarşısını almaq üçün onları zəhərləyən İran hökumətinin bu təklifinə dünya dövlətləri necə reaksiya verəcək?