İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Tələbə Krediti Fondunun rəhbər şəxsləri arasında görüş keçirilib. Görüş çərçivəsində DİM və Təhsil Tələbə Krediti Fondu arasında anlaşma memorandumu imzalanıb.

 

AzEdu.az xəbər verir ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Namiq Babayev, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, İdarə Heyəti sədrinin müavini Bəhruz Əzimov və baş mühasibi Tehranağa Abdullayev iştirak ediblər.

 

DİM və Təhsil Tələbə Krediti Fondu arasında imzalanmış memorandumun məqsədi “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanından irəli gələn məsələlərin icrasına töhfə verməkdir.

 

Razılaşmaya əsasən tərəflər Azərbaycan Respublikasında əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək, gənclərin bilik və bacarıqlarını artırmaq və əmək bazarında yer tutmalarına dəstək olmaq məqsədilə Təhsil Tələbə Krediti Fondu və onun təklif etdiyi imkanlar barədə məlumatlılığın artırılması məqsədilə memorandumda razılaşdırılan istiqamətlər üzrə əməkdaşlığı daha da genişləndirəcək.

 

Anlaşma memorandumu imzalandığı tarixdən qüvvəyə minib və üç il müddətində qüvvədə olacaq.