Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-18 15:47:00
Universitetlərin  yekun dövlət attestasiyası DİM-ə həvalə olunsun-TƏKLİF

“Universitetlərin  yekun dövlət attestasiyası DİM-ə həvalə olunsun. Yanlız imtahandan keçən şəxslərə diplom verilsin, digərlərinə isə 4 il oxuduqları üçün sertifikat təqdim olunsun.  İndi fəhlə, sürücü, market satıcısının hansından soruşsan deyir ki, ali təhsilliyəm.  Onların sonradan özlərini təsdiq etməmələri hesab edirəm  ki , ali təhsilimizin səviyyəsindən asılı məsələdir”.

AzEdu.az xəbər verir ki, bu sözləri deputat  Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, hazırda ən böyük problemlərdən biri də ali təhsil məsələsi ilə bağlıdır.

“Bizim ən böyük problemlərimizdən  biri ali məktəblərdə təhsilin səviyyəsinin aşağı olmasıdır.   Əsilində bu illər ərzində universitetlər öz tələbələrindən 15-20 nəfər xaricə göndərməli, onların magistratura və ya doktorantura pilləsi üzrə təhsil almalarını  təşkil etməli, daha sonra həmin tələbələri işə götürməli idilər. Bununla da yüksəkixtisaslı müəllim kadırı yetişdirərdilər. Yenə də gec deyil. Bu işi reallaşdıra bilərlər”.

O,  həmçinin qəbul imtahanlarını ilə buraxılış imtahanlarının birləşdirilməsinin vacibliyindən danışıb.

 “Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi qəbul imtahanları ilə buraxılış imtahanları birləşdirilsin. Nəzərə alaq ki, biz gələcəkdə hərtərəflı olan mütəxəssis yetişdirməyə yönəlmişik. Ona görə də bütün fənlər üzrə buraxılış imtahanı verilsin.  İndi şagirdlərin əksəriyyəti  dar, müəyyən fənlər  üzrə biliklərə sahibdir. Məsələn, riyaziyyat üzrə oxuyan birindən adicə “Hüseyn Cavid kimdir?” soruşsanız cavab verə bilməyəcək”.

Deputat valideynlərin repetitorlara xeyli pul xərclədiyini də vurğulayıb.

“Biz hər dəfə vurğulayırıq ki, orta təhsil pulsuzdur. Amma valideynlər övladlarının hazırlığına xeyli xərc çəkir. Bu valideynlərin üzərində  böyük yükdür.  Bu qədər islahatlar görülməsinə baxmayaraq etiraf edək ki, çox az sayda şagird repetitor olmadan ali məktəbə qəbul ola bilir.   Bunun qarşısını almaq üçün müəllimlərin maaşı məmur maaşı qədər olsun. Müəllim bütün gücünü, biliyini sinifdə nümayiş etdirmir. Müəllimin nüfuzu və  əməkhaqqı yüksək olarsa, bu problem həll olunar”-deyə Q.Həsənquliyev əlavə edib.

Ayşə MÜSEYİB