Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-25 15:17:00
Yeni sistem savadlı gənclərin yolunu açacaq,işbazlar uduzacaq- Mütəxəssis MYÖS-dən DANIŞDI

 

Türkiyənin Yüksək Öğrətim qurultayının yeni qərarına əsasən,YÖS imtahanı əvvəlki illərdə olduğu kimi keçiriləcək.

 

ÖSYM tərəfindən MYÖS imtahanı 2023-cü ilin yanvar ayından tətbiq olunmağa başlanacaq.

 

Mövzu ilə bağlı xaricdə təhsil üzrə mütəxəssis Nigar Rüstəmova AzEdu.az-a açıqlamasında dəyişikliyi zəruri edən səbəblərdən danışıb:

 

“Bildiyimiz kimi, bir müddət əvvəl xarici vətəndaşların Türkiyə Respublikasında ali təhsil alması qaydalarına dəyişiklik edilib. Dəyişikliyə əsasən, Türkiyədə fəaliyyət göstərən universitetlərə tələbə qəbulu MYÖS – Mərkəzi Yabancı Öğrenci Sınavı adlı altında mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Yeni sistemin gələn ildən etibarən tətbiq olunacağı bildirilirdi, lakin bu addım gözlənildiyi kimi birmənalı qarşılanmadı, MYÖS imtahanlarını dəstəkləyənlər də oldu, qarşı çıxanlar da. Hətta deyərdim ki, Azərbaycanda MYÖS sisteminin tətbiqi gənclər tərəfindən müəyyən mənada narazılıqla qarşılandı. Məncə, yeni qərara fərqli yanaşma başadüşüləndir. Etiraz edənlərə haradasa haqq qazandırmaq olar. Vaxt amili, qəbul şərtlərinin çətinləşməsi və digər nüansları dəyərləndirmək, abituriyentlərə yeni qəbul sisteminə adaptasiya üçün vaxt vermək mütləq idi. Hesab edirəm ki, Türkiyənin aidiyyəti qurumları qeyd etdiyim məqamları nəzərə alaraq, MYÖS imtahanlarının tətbiqinini 2023-cü ilə təxirə saldı”.

 

Mütəxəssis bundan əlavə, hazırda bir çox sualların aktual olduğunu bildirib: “Məsələn, gənclər və onların valideynləri bizdən soruşurlar ki, YÖS-dən fərqli olaraq MYÖS-ün tətbiqi nələri dəyişdirəcək? Yeni qəbul sisteminin müsbət və mənfi tərəfləri nələrdir?”

 

O bu suallara cavab olaraq qeyd edib ki, hazırda qüvvədə olan qaydalara əsasən, attestat, SAT, ABITUR və beynəlxalq imtahan nəticələri ilə tələbə qəbulu aparılır. Yeni qərarda göstərilir ki, 2023-cü ildən başlayaraq dövlət universitetlərinə qəbulda MYÖS imtahanlarının nəticələri əsas götürüləcək. Bu isə ondan xəbər verir ki, universitetlər öz YÖS imtahanını təşkil edə bilməyəcəklər.

 

Mütəxəssis yeni tətbiq olunacaq sistemin qanunsuz qəbulun qarşısını alacağını bildirərək, bu istiqamətdə vacib nüanslara diqqət çəkib:

 

“Burada bir məqama diqqət yetirmək lazımdır. MYÖS sistemi əsas perspektivli fakültələrə qəbulu əhatə edir. Məsələn, Tibb, Əzcaçılıq, Stomotologiya, Hüquq, Müəllimlik və Mühəndislik ixtisasları üzrə qəbul yalnız MYÖS imtahanları əsasında həyata keçiriləcək. İmtahanda uğur qazanan şəxslər Türkiyədə ali təhsil ala biləcəklər. Hesab edirəm ki, yeni sistem savadlı və biliyinə güvənən gənclərin yolunu açacaq, onların yüksək səviyyədə təhsil almasına təkan verəcək. Nəticədə imtahandan kənar, maraqlı qüvvələr tərəfindən müxtəlif yollarla həyata keçirilmiş qanunsuz qəbulun qarşısı alınacaq, yalnız layiqli namizədlər dövlət təhsil müəssisələrində bakakavr təhsili almaq imkanı qazanacaqlar, onların yerini təsadüfi insanlar zəbt edə bilməyəcəklər. Burada qazanan tərəf təhsil, itirən isə işbazlar olacaq”.

 

Son olaraq o,-“Bir sözlə, vahid imtahanın təşkili nəticəsində ədalətsizlik aradan qalxacaq və perspektiv vəd edən gənclər Türkiyənin nüfuzlu universitetlərində təhsil almaqla, peşəkar kadrlar kimi yetişəcəklər”-deyə bildirib.