Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 11:48:00
Dövlət İmtahan Mərkəzi yenidən müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş, 2021-ci il 29 yanvar tarixli qərarı ilə əlavə və dəyişikliklər edilmiş ”Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na əsasən, doktoranturaya qəbul zamanı xarici dil imtahanından müəyyən edilən keçid balını (35 və ya daha yüksək bal) toplamış iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

 

AzEdu.az xəbər verir  ki, 2021-ci il fevralın 14-də 2020-2021-ci tədris ili və 2021-ci il iyunun 20-də 2021-2022-ci tədris ili üçün doktoranturaya xarici dil üzrə qəbul imtahanında 35 və ya daha yüksək bal toplayaraq uğur qazanmış namizədlər xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair QR kodlu elektron arayış əldə edə bilərlər. Arayışları DİM-in internet saytındakı linkdə şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür.

 

Məlum olduğu kimi, “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na görə, fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır və imtahanları uğurla vermiş iddiaçılara hər bir fəlsəfə doktoru imtahanı üzrə onun nəticəsini özündə əks etdirən, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamə verilir. Xatırladırıq ki, Ali Attestasiya Komissiyası ilə razılaşdırılmaqla keçid balı xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün 35 bal, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

 

DİM tərəfindən 2021-ci il fevralın 14-də və iyunun 20-də keçirilmiş xarici dil üzrə, həmçinin 2021-ci il fevralın 15-də və iyunun 21-də keçirilmiş əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələrinə dair şəhadətnamələr həftənin I – V günləri saat 10:00-dan 17:00-dək Mərkəzin Gənclik ofisində, Koroğlu Rəhimov küçəsi, 108A ünvanında iddiaçılara təqdim olunacaq. Şəhadətnamələri şəxsiyyət vəsiqəsi və ya müvafiq etibarnamə təqdim etməklə götürmək olar.