Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 14:40:00
“Təhsil Nazirliyi yerdəyişmə imtahanları ilə bağlı apelyasiya komissiyası yaratsın” - Ekspertdən təklif

 

“Müsabiqə nəticəsində iş yerini dəyişdirmək üçün müraciət edən 5857 nəfərdən 1726 nəfər namizədin iş yerini dəyişməsinə razılıq verilib”

 Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, cari ilin 11 iyun tarixində Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu prosesi başa çatıb:

“Müəllimlərin işə qəbulu və yerdəyişməsinin mərkəzləşdirilmiş qaydada keçrilməsi son 10 ildə ölkə təhsilinin ən böyük uğurlarının önündə gəlir. Amma yerdəyişmə müsabiqəsində bir sıra ciddi çatışmazlıqlar var. Yerdəyişmədə müsbət nəticə əldə edilməsi üçün ancaq MİQ (Müəllimlərin işə qəbulu imtahanı) və DQ (Diaqnostik qiymətləndirilmə) balının rol oynaması həqiqətən də buna ehtiyacı olan şəxslərin yolunu bağlayır. Hesab edirəm ki, şəxslərin müraciətlərinə fərdi qaydada baxmaq lazımdır. Çünki DQ və ya MİQ balı keçid balından aşağı olan və ya keçid balını toplayan müəllimlər də yerdəyişmədən kənarda qalırlar. Çünki vakant yeri daha yüksək ballı müəllimlər seçir”.

Ekspert qeyd edib ki, səhhəti, ailə vəziyyəti ilə bağlı yerdəyişməyə ciddi ehtiyacı olan şəxslərə müsbət cavab verilməyib:

“Müraciətinə müsbət cavab verilən müəllimin yeri bəzi hallarda vakansiyaya çıxarılsa da, o yer boş qalır və növbəti tədris ilində həmən yerdə ixtisaslı müəllim çatışmazlığı yaranır. Təklif edirəm ki, Təhsil Nazirliyi yerdəyişmə ilə bağlı apelyasiya komissiyası yaratsın. Mənfi cavab alan şəxslərin müraciətlərinə yenidən baxılsın və səhəti, ailə vəziyəti ilə bağlı müraciət edənlərə maksimum köməklik göstərilsin”.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi iyunun 4-dən 11-nə qədər davam edib. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilib.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları