https://www.zirve.edu.az/
25.02.2020 13:55
“Olimpiadalara şagird hazırlamaq müəllimlərə maraqlı gəlmir”-SƏBƏB VƏ TƏKLİFLƏR
Çap et

 Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır.

Olimpiada hazırlığı ilə məşğul olan Ravil Rza yarımfinal turu, sualların çətinlik səviyyəsi ilə bağlı təəssüratlarını AzEdu.az-a danışıb.

O qeyd edib ki, hazırda əsas çətinlik sualların səviyyəsində yox, ictimaiyyətə çatdırılmasında yaranır:

“Sualların çətinlik dərəcəsi  normal səviyyədədir,  olimpiada belə də olmalıdır. Söhbət yarımfinal mərhələsindən gedirsə, burada testlərin  adi imtahanlarda olan suallardan fərqli olmağı qəbulediləndir. Amma problem ondadır ki, bu testlərin bəziləri Azərbaycan ictimaiyyətinə tanış deyil. Yəni şagird bu testlərin növü ilə heç bir anadilli ədəbiyyatda tanış ola bilmir. Bu, artıq  problemdir. Tutaq ki, kənd məktəbində oxuyan istedalı, savadlı bir şagird heç cür Bakıya gələ, bu işlə məşğul olan müəllimlərlə görüşə bilmir və bu sualların  bəzilərinin həlli yollarını mənimsəmir. Nəticə etibarilə Bakıda yaşayan hər hansı bir şagirddən 3 bal aşağı toplayır. Lakin ona şans yaradılsa, sualların tipləri ilə əvvəlcədən tanış olsa, bəlkə də o, daha böyük uğur qazana bilər.

Başqa sözlə desək,bu dəqiqə problem suallarda yox, sualların ictimaiyyətlə əlaqə hissəsindədir. Suallar ictimaiyyətə çatmır. Şagirdlər gərək əvvəlcə sualları görsünlər, ən azından bilsinlər ki, bu tip məsələlər necə həll olunur. Çünki olimpiada istedaddan çox vərdişə çevrilir. İsteddad artıq arxa planda qalıb”.

R.Rzanın sözlərinə görə, suallar orta məktəb proqramının əsasında hazırlansa da, onların həlli yollarını bilmək üçün müxtəlif ədəbiyyatlar müaciət etmək lazım gəlir:

“Olimpiadada tərtib olunan suallar orta məktəb proqramından tamamilə fərqlidir. Mövzu, ad olaraq proqramla səsləşir.  Məsələn, orta məktəbdə fizika dərsində müqavimətin nə olduğu öyrədilir, burada isə müqavimətin nə olduğu soruşulur. Lakin məsələ odur ki, standart sual soruşulmur axı. Şagird onu həll etmək üçün 50 mərhələni, üsulu bilməlidir. Bir sualın həllində bir neçə tip əməliyyatlar yerinə yetirilməlidir ki, bəzən orta məktəbdə heç müəllimlər onu yerinə yetirə bilmirlər. Dünya səviyyəsində  elə suallar var ki, onların həllində özümüz  çətinlik çəkirik.  Fikirləşirik, axtarırıq, araşdırırıq.  Şagirdləri qınamaq düzgün deyil. Həm də 30 sualla 3 saat vaxtın verilməsi də mənə elə gəlir ki, çətinlik yaradır.

Olimpiada 100 nəfərdən iki nəfəri seçmək  deməkdir. Burda şagird çətinliklə qarşılaşmırsa, deməli uğurlu olimpiada deyil.  Bu seçimdir, onsuz  da hamı yüksək bal yığmamalıdır. Hətta suallarla tanış olan şagird yüksək nəticə əldə etmirsə, deməli, o, bizi dünya miqyasında təmsil edə bilməz.  Bakı məktəbində tutalım 100 nəfər iştirak edirsə, növbəti tura 7-10 nəfərin keçməsi çox təbii bir məsələdir”.

R.Rza vurğulayır ki, hazırda əsas məsələ kənd məktəblərində təhsil alan şagirdlər üçün bu materialları əlçatan etmək, bu işlə məşğul olan müəllimlərin fəaliyyətinin stimullaşdırılmasıdır:

“Bizim diqqətimiz əsasən kənd məktəblərində  materiallara çata bilməyən şagirdlərə yönəlməlidir.  Bunun isə ancaq bir yolu var:  müəllimləri bu işə cəlb etmək!  Olimpiada ilə məşğul olan müəllimlərə üstünlük, əlavə bir haqq tanısınlar. Bu, istər orta məktəb, özəl sektor, istərsə də Təhsil Nazirliyinin, DİM-in müəllimlərinə aid olsun. Həmin müəllim bilsin ki, şagirdi olimpiadaya hazırlaşdığı müddətdə onun üçün bir prestij olacaq. O da buna maraq göstərəcək. Şəxsən mənə və digər bir çox müəllimlərə olimpiada ilə məşğul olmaq maraqlı gəlmir. Şagird istəyəndə öyrədirik, istəməyəndə yox.  Çünki ehtiyac, maraq, tələb yoxdur, bu işlə məşğul olmaq bir müəllimə nə qazandıracaq?!  Əsasən də  orta məktəb müəllimi dərsini deyir, maaşını alır, gedib evində istirahət edir. Başını olimpiada ilə yormağa ehtiyac varmı?!  Lap tutalım yorsa, nə qazanacaq?! Digər müəllimlərdən fərqi nə olacaq?! Yəni müəllimlərin bu işə sevgisini artırmaq lazımdır ki, şagirdləri də sevə-sevə olimpiadaya hazırlaşdırsınlar , yaxud istiqamətləndirsinlar-deyə R. Rza sözlərinə əlavə edib.