"Kitabxana və mədəniyyət evi yerli icma üçün həm maarifçilik mərkəzi, həm də ictimai ünsiyyət platformasıdır. Bu məkanların zəifləməsi gənclərin asudə vaxtının təşkilində boşluq yarada, mütaliə vərdişlərinin formalaşmasına mənfi təsir göstərə və mədəni həyatın mərkəzsizləşməsinə gətirib çıxara bilər".
Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib.
Deputatın sözlərinə görə, rəqəmsallaşma vacib və qaçılmaz prosesdir, lakin o, canlı mədəni mühitin tam alternativi deyil:
"Mədəniyyət evləri və kitabxanalarla bağlı aparılan ixtisarlar məsələsinə mənim mövqeyim ondan ibarətdir ki, bu sahədə atılan hər addımın mərkəzində insanın maariflənməsi, gənclərin inkişaf mühiti və regionların mədəni həyatı dayanmalıdır. Çünki kitabxana və mədəniyyət evi sadəcə struktur vahidi deyil o, ictimai düşüncənin formalaşdığı, milli yaddaşın qorunduğu və vətəndaşların ünsiyyət qurduğu canlı məkandır.
Doğrudur, ölkənin müxtəlif bölgələrində aparılan müşahidələr göstərir ki, bir sıra kitabxanalar maddi-texniki baxımdan köhnəlib, bəziləri qəzalı vəziyyətdədir, bəzi yaşayış məntəqələrində isə mədəniyyət evi ümumiyyətlə mövcud deyil. Bu reallıq uzun illər ərzində yığılıb qalan problemlərin nəticəsidir və onların həlli struktur dəyişiklikləri tələb edir. Dövlət resurslarının səmərəli istifadəsi, xidmət keyfiyyətinin yüksəldilməsi, müasir idarəetmə yanaşmalarının tətbiqi və rəqəmsal imkanların genişləndirilməsi bu baxımdan zəruri istiqamətlərdir. Modernləşmə ideyası prinsip etibarilə mübahisə doğurmur, mübahisə doğuran məsələ onun hansı sosial nəticələrlə müşayiət olunmasıdır.
Mədəniyyət məkanlarının azalması, xüsusilə regionlarda, sosial aktivliyin zəifləməsinə səbəb ola bilər. Kitabxana və mədəniyyət evi yerli icma üçün həm maarifçilik mərkəzi, həm də ictimai ünsiyyət platformasıdır. Bu məkanların zəifləməsi gənclərin asudə vaxtının təşkilində boşluq yarada, mütaliə vərdişlərinin formalaşmasına mənfi təsir göstərə və mədəni həyatın mərkəzsizləşməsinə gətirib çıxara bilər. Bəli, rəqəmsallaşma vacib və qaçılmaz prosesdir, lakin o, canlı mədəni mühitin tam alternativi deyil. Xüsusilə regionlarda internet əlçatanlığının və rəqəmsal savadlılığın bərabər səviyyədə olmaması bu keçidi daha həssas edir".
Formal fəaliyyət göstərən, müasir tələblərə cavab verməyən strukturların saxlanılması da inkişaf modelinə uyğun hesab edilə bilməz:
"İxtisarların müsbət tərəfi ondan ibarət ola bilər ki, köhnəlmiş idarəetmə formaları yenilənir, xidmətlər daha səmərəli təşkil olunur və mədəniyyət müəssisələri yeni funksional modelə keçid imkanı qazanır.
Lakin bu proses yalnız strukturun azalması ilə deyil, yeni imkanların yaradılması ilə müşayiət olunmalıdır. Əgər optimallaşdırma paralel olaraq müasir tip kitabxanaların qurulması, mədəniyyət evlərinin çoxfunksiyalı ictimai mərkəzlərə çevrilməsi və regionlar üzrə bərabər mədəni əlçatanlıq siyasəti ilə həyata keçirilərsə, bu dəyişikliklər cəmiyyət üçün faydalı nəticələr verə bilər.
Bu yanaşma ölkənin uzunmüddətli inkişaf baxışında da öz əksini tapır. “Mədəniyyət konsepsiyası – 2040” çərçivəsində mədəni infrastrukturun yenilənməsi, kitabxana və mədəniyyət evlərinin müasir ictimai mərkəzlər kimi fəaliyyət göstərməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və vətəndaşların mədəni resurslara bərabər çıxışının təmin edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Konsepsiyada bu müəssisələrin yalnız ənənəvi funksiyalarla məhdudlaşmaması, onların təhsil, yaradıcılıq, sosial inteqrasiya və innovasiya platforması kimi inkişafı zərurəti vurğulanır. Bu baxımdan, aparılan struktur dəyişiklikləri ayrıca tədbir deyil, mədəni xidmət modelinin transformasiyası kimi qiymətləndirilməlidir. Lakin konsepsiyanın ruhuna uyğun olaraq bu transformasiya mədəni məkanların daralması deyil, onların keyfiyyətcə yenilənməsi və əlçatanlığın qorunması prinsipinə əsaslanmalıdır".
Kitabxanaya və mədəniyyət evinə ayrılan vəsait xərclər maddəsi kimi deyil, cəmiyyətin intellektual potensialına yatırılan investisiya kimi dəyərləndirilməlidir:
"Mən hesab edirəm ki, mədəniyyət sahəsində hər bir islahatın əsas ölçüsü iqtisadi qənaət deyil, sosial faydadır. Kitabxanaya və mədəniyyət evinə ayrılan vəsait xərclər maddəsi kimi deyil, cəmiyyətin intellektual potensialına yatırılan investisiya kimi dəyərləndirilməlidir. Cəmiyyət yalnız iqtisadi göstəricilərlə deyil, mədəni səviyyəsi ilə inkişaf edir. Buna görə də bu sahədə aparılan dəyişikliklər balanslı, düşünülmüş və sosial nəticələri əvvəlcədən hesablanmış şəkildə həyata keçirilməlidir.
Mədəniyyət evləri və kitabxanalarla bağlı proseslər inzibati qərar çərçivəsindən daha geniş məna daşıyır; bu, ölkənin mədəni inkişaf modelinin necə formalaşacağı ilə bağlı seçimdir. İslahatların məqsədi mədəni məkanların sayını azaltmaq deyil, onların həyat qabiliyyətini gücləndirməkdir. Bu prinsip qorunduğu halda modernləşmə cəmiyyətin mədəni inkişafına xidmət edəcək, əks halda isə yaranan boşluqları bərpa etmək daha çətin olacaq. Məhz buna görə bu mövzuya diqqət yetirilməsi, problemlərin açıq şəkildə səsləndirilməsi və ictimai müzakirələrin aparılması vacibdir. Mədəniyyət yalnız qorunan irs deyil, hər gün yenidən qurulan ictimai dəyərdir və onun dayanıqlığı dövlətin strateji prioritetlərindən biri olmalıdır".